
Bakı. Trend:
Azərbaycan ilə Mərkəzi Asiya ölkələri arasında əlaqələr yüksələn
xətlə inkişaf edir. Özbəkistanın paytaxtı Daşkənddə keçirilən
Mərkəzi Asiya Dövlət Başçılarının 7-ci Məşvərət Görüşü tarixi
hadisə kimi yadda qaldı. Dövlət başçısı İlham Əliyevin Özbəkistan
Prezidenti Şavkat Mirziyoyevin dəvəti ilə Mərkəzi Asiya Dövlət
Başçılarının 7-ci Məşvərət Görüşündə iştirak etmək üçün bu ölkəyə
səfəri, həmçinin Prezident İlham Əliyevin tədbirdəki çıxışı, qəbul
olunan qərarlar, imzalanan sənədlər hazırda ölkə və dünya
mətbuatında geniş şərh edilir. Ölkəmizin Mərkəzi Asiya
platformasında tamhüquqlu iştirakçı statusu qazanması xarici
siyasətimizin növbəti uğurudur. Bu qərarın perspektivləri Mərkəzi
Asiya ölkələrinin dövlət başçılarının çıxışlarında da xüsusi qeyd
edildi. Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Azərbaycanın
tamhüquqlu iştirakçı qismində Mərkəzi Asiya Dövlət Başçılarının
Məşvərət Görüşü formatına qoşulması ilə bağlı qəbul edilən qərarı
qeyd edərək bu əminliyi ifadə etdi ki, Mərkəzi Asiya ilə Cənubi
Qafqaz arasında güclü bir körpü quracağıq və vahid əməkdaşlıq
məkanının formalaşmasına yol açacağıq. Bu, hər iki regionun
strateji qarşılıqlı əlaqəsini və dayanıqlılığını gücləndirəcək.
Həmrəyliyin gücləndirilməsi Mərkəzi Asiyanın beynəlxalq mövqeyinin
möhkəmlənməsinə və qlobal rolunun artırılmasına töhfə verir.
“Mərkəzi Asiya +” formatlarının qarşılıqlı fəaliyyəti güclənib.
Azərbaycanın bu formata qoşulması ilə regionumuzun qlobal miqyasda
səsi daha əhəmiyyətli olacaq. Qırğız Respublikasının Prezidenti
Sadır Japarov ölkəsinin Azərbaycanın tamhüquqlu üzv qismində
Məşvərət görüşləri formatına qoşulması təşəbbüsünü dəstəklədiyini
vurğulayaraq qeyd etdi ki, qardaş Azərbaycanın iştirakı ilə
formatımızın genişləndirilməsi Mərkəzi Asiyanın qarşısında xüsusilə
beynəlxalq tranzit, logistika və energetika sahələrində yeni
imkanlar, geniş əməkdaşlıq üfüqləri açacaq. Tacikistan Prezidenti
Emoməli Rəhmon bildirdi ki, məkanımız beynəlxalq və regional
proseslərin mühüm iştirakçısının timsalında öz əhəmiyyətini inamla
artırır. Bu, balanslaşdırılıb və region ölkələrinin artan
maraqlarının inkişafına səyləri nümayiş etdirir. Türkmənistan
Prezidenti Sərdar Berdiməhəmmədov dövlətimizin başçısına
Azərbaycanın tamhüquqlu iştirakçı qismində Məşvərət görüşlərinə
qoşulması münasibətilə təbriklərini çatdırdı. Qəbul olunan qərar,
həmçinin bu qərarın yüksək dəyərləndirilməsi, Azərbaycanın
gələcəkdə bu əməkdaşlıq formatına böyük töhfələr verəcəyi ilə bağlı
səsləndirilən əminlik bir daha ölkəmizin artan beynəlxalq
nüfuzunun, qlobal proseslərdə söz sahibliyinin göstəricisidir.
Azərbaycanın beynəlxalq əməkdaşlığa töhfələri davamlıdır. Xarici
siyasətimizin əsas tərkib hissələrindən biri ikitərəfli və
beynəlxalq təşkilatlar daxilində əlaqələrin qurulması və yeni
prioritetlər üztə inkişaf etdirilməsidir. Azərbaycanın Mərkəzi
Asiya Dövlət Başçılarının Məşvərət Görüşününə tamhüquqlu iştirakçı
kimi qəbul edilməsi dövlətimizin xarici siyasət uğurlarının əsas
tərkib hissələrindəndir.
Bu fikirləri Trend-ə açıqlamasında Milli Məclisin deputatı Vüqar
Rəhimzadə bildirib.
Milli Məclisin deputatı qeyd edib ki, Azərbaycan və Mərkəzi
Asiya artıq vahid geosiyasi və geoiqtisadi məkana çevrilir. Tarixi,
mədəni, mənəvi əlaqələrimiz siyasi mərkəz halına gəlir. Mərkəzi
Asiya artıq beş ölkə deyil, Azərbaycan da Mərkəzi Asiyanın tərkib
hissəsi, əməkdaşlıq və məşvərətçi formatın tamhüquqlu üzvüdür.
Bundan sonra Azərbaycan Mərkəzi Asiya çərçivəsində keçirilən
görüşlərdə dövlət, hökumət başçıları, nazirliklər, dövlət və
ictimai təşkilatlar səviyyəsində iştirak edəcək. Bu, Azərbaycanın
yerləşdiyi Cənubi Qafqazı inkar etmir. Ölkəmiz həm Cənubi Qafqaz
platformasında fəaliyyətini davam etdirir, həm də Mərkəzi Asiya
istiqamətində fəaliyyətini genişləndirir. Dövlət başçısı İlham
Əliyev sözügedən tədbirdə çıxışında “Azərbaycanla Mərkəzi Asiya
dövlətləri arasında münasibətlər xüsusi xarakter daşıyır. Bizi
çoxəsrlik ortaq tarix, mənəvi və mədəni irs, qardaşlıq, dostluq,
həmrəylik birləşdirir. Biz bu əlaqələri nəinki qoruyub saxlamışıq,
həm də onlara strateji tərəfdaşlıq xarakterinə malik olan yeni
dinamika bəxş etmişik” söyləyərək bu əminliyi də ifadə etdi ki,
Azərbaycan Cənubi Qafqazda yerləşsə də, bu gün fəal qarşılıqlı
fəaliyyət sayəsində Mərkəzi Asiya və Azərbaycan artıq qlobal
miqyasda nüfuzu əhəmiyyətli dərəcədə artan vahid geosiyasi və
geoiqtisadi regiondur. Biz müxtəlif beynəlxalq təşkilatlar
çərçivəsində uğurla əməkdaşlıq edir, bir-birimizin təşəbbüslərini
dəstəkləyir, qlobal və regional problemlərin həllində ümumi
yanaşmalar işləyib hazırlayırıq. Azərbaycanın Mərkəzi Asiya
ölkələrinin əməkdaşlıq formatına qoşulması ilə bağlı qərara görə
həmkarlarına təşəkkür edən Prezident İlham Əliyev vurğuladı ki, bu
qərar münasibətlərimizin dostluq və qardaşlıq xarakterini bir daha
təsdiqləyir, həmçinin geniş coğrafi məkanda əməkdaşlığın və
qarşılıqlı fəaliyyətin möhkəmlənməsinə xidmət edəcək. Göründüyü
kimi, Azərbaycan-Mərkəzi Asiya əməkdaşlığının daha da möhkəmlənməsi
yalnız tərəflərə deyil, bütövlükdə regionun maraqlarına xidmət
edir.
Vüqar Rəhimzadə vurğulayıb ki, dövlət başçısı İlham Əliyev
çıxışında Azərbaycan-Özbəkistan əlaqələrinin hazırkı inkişaf
səviyyəsindən, həmçinin Azərbaycan-Mərkəzi Asiya ölkələri
əlaqələrindən geniş bəhs etdi. Dövlətimizin başçısı çıxışında da
dost, qardaş dəstəyinə, Qarabağımızın və Şərqi Zəngəzurumuzun
bərpasına verdikləri töhfələrə diqqəti yönəldərək bildirdi ki,
artıq Füzuli şəhərində Mirzə Uluqbəy adına məktəb və Kurmanqazı
adına Uşaq İncəsənət Mərkəzi, Ağdamda isə Manas məktəbi fəaliyyət
göstərir. Bu, özbək, qazax və qırğız qardaşlarımızın
hədiyyələridir. Bu ilin oktyabrında Füzulidə Türkmənistanın
qardaşlıq dəstəyinin rəmzinə çevriləcək məscidin təməli qoyuldu.
Bütün bunlar qardaşlığımızın və həmrəyliyimizin sübutu kimi
qədirbilən Azərbaycan xalqının yaddaşında qalacaqdır.
Milli Məclisin deputatı qeyd edib ki, bu gün Azərbaycan və
Mərkəzi Asiya Şərqlə Qərb, Şimalla Cənub arasında körpüdür. Dövlət
başçısı İlham Əliyev çıxışında bu məsələyə xüsusi diqqət yönəltdi
və bildirdi ki, Orta Dəhlizin inkişafı ölkələrimiz üçün strateji
əhəmiyyət kəsb edir. Nəqliyyat və logistika infrastrukturunun
müasirləşdirilməsi, gömrük prosedurlarının sinxronlaşdırılması və
rəqəmsallaşdırılması üzrə birgə səylər yükdaşımaların həcminin
artırılması, iqtisadi dayanıqlılığın gücləndirilməsi və beynəlxalq
bazarlarda əməkdaşlığın inkişaf etdirilməsi üçün geniş imkanlar
açır. Son üç ildə Orta Dəhliz üzrə Azərbaycandan keçən yükdaşımalar
90 faiz artıb. Yaxın illərdə buraxılış qabiliyyəti ildə 25 milyon
tona çatacaq Ələt Beynəlxalq Limanı, Bakı-Tbilisi-Qars dəmir yolu,
doqquz beynəlxalq hava limanı, regionun ən böyük yük aviaşirkəti və
digər amillər Azərbaycanı beynəlxalq nəqliyyat qovşağına çevirib.
Bu əminlik ifadə edildi ki, Azərbaycanın əsas hissəsini onun
Naxçıvan Muxtar Respublikası ilə birləşdirmək üçün bu ilin
avqustunda Vaşinqtonda əldə edilmiş razılaşmalar beynəlxalq
daşımalar üçün tranzit imkanlarının genişləndirilməsinə töhfə
verəcək. Azərbaycanda Zəngəzur dəhlizinin tikintisi başa çatmaq
üzrədir. İlkin mərhələdə 15 milyon ton yükdaşıma qabiliyyətinə
malik bu dəmir yolu Orta Dəhlizin əsas arteriyasına çevriləcək.
Vüqar Rəhimzadə bu ümumiləşdirməni aparıb ki, Azərbaycanın
regionda və dünyada möhkəmlənən mövqeyi yeni əməkdaşlıq
formatlarının yaradılmasını şərtləndirir. Azərbaycan Şərqlə Qərbin
qovuşağında yerləşən ölkə olaraq həm coğrafi mövqeyi, həm də malik
olduğu təbii resurslardan səmərəli istifadə edərək iştirakçısı və
təşəbbüscüsü olduğu enerji və nəqliyyat layihələri ilə ölkələr,
xalqlar arasında körpü rolunu daha da möhkəmləndirir. Dövlət
başçısı İlham Əliyevin qeyd etdiyi kimi, Azərbaycan və Mərkəzi
Asiya ölkələri artan strateji əhəmiyyətə malik vahid tarixi,
mədəni, coğrafi və geosiyasi məkanı formalaşdırır. Bu gün Xəzər
dənizi, sadəcə, coğrafi anlayış deyil, o, hər şeydən əvvəl
xalqlarımızın strateji birliyinin, iqtisadi potensialının və tarixi
əməkdaşlığının rəmzidir.

