
Bakı. Trend:
“AzerTelecom” tərəfindən gerçəkləşdirilən “Digital Silk Way”
layihəsi Azərbaycanın beynəlxalq rəqəmsal əlaqəliliyini
gücləndirəcək.
Trend xəbər verir
ki, bunu bu gün Beynəlxalq Elektrik Rabitə İttifaqının (BERİ) baş
katibi Dorin Boqdan-Martin Bakıda keçirilən Ümumdünya
Telekommunikasiya İnkişafı Konfransında (“WTDC-25”) çıxışında
söyləyib
“Yeni optik-lifli magistral kanal vasitəsilə Azərbaycanın
Gürcüstanla və oradan da Avropa ilə birləşdirən Digital Silk Way
layihəsi, gözlənildiyi kimi ölkənin beynəlxalq əlaqəliliyini və
rəqəmsal infrastrukturunun dayanıqlığını daha da artıracaq”, – deyə
o qeyd edib.
BERİ baş katibi vurğulayıb ki, “Rəqəmsal Azərbaycan 2030”
strategiyası bulud xidmətlərinə, ağıllı infrastrukturun
qurulmasına, süni intellekti dəstəkləyə bilən məlumat mərkəzlərinə
yatırılan sərmayələr vasitəsilə rəqəmsal transformasiyanı
stimullaşdırır.
“Düşünürəm ki, bu kimi təşəbbüslər qlobal əlaqəliliyin gücünü və
əhəmiyyətini həqiqətən nümayiş etdirir. Bu, WTDC-25-in birləşdirici
mövzusudur və biz növbəti iki həftə ərzində qlobal rəqəmsal inkişaf
gündəmini formalaşdırmaq üçün məhz bu mövzu ətrafında
toplaşacağıq”, – deyə Dorin Boqdan-Martin əlavə edib.

