
Bakı. Trend:
Nizami Gəncəvi Beynəlxalq Mərkəzi Braziliyada keçirilən BMT-nin
İqlim Dəyişikliyi üzrə 30-cu Tərəflər Konfransında (COP30) iqlim
dayanıqlığı, davamlı inkişaf və inklüziv keçidlərə dair yüksək
səviyyəli müzakirələrdə fəal iştirak edib.
Trend xəbər
verir ki, nümayəndə heyətinə Mərkəzin üzvləri – BMT Baş
Assambleyasının 73-cü Sessiyasının Prezidenti Maria Fernanda
Espinosa, Fortescue şirkətinin İdarə Heyətinin üzvü, ExxonMobil
şirkətinin sabiq Vitse-Prezidenti Cin Baderşnayder və COP20
Prezidenti Manuel Pulgar-Vidal daxildir.
COP30 Yerli Liderlər Forumunda çıxış edən Maria Fernanda
Espinosa şəhərlərin iqlim böhranına qarşı həm həssas, həm də
transformativ güc mərkəzləri olduğunu vurğulayaraq ədalətli keçidin
təmin edilməsinin vacibliyini qeyd edib.
Konfrans çərçivəsində Mərkəzin nümayəndələri biomüxtəlifliyin
qorunması, ekosistemlərin davamlı idarə edilməsi və yabanı fauna
cinayətlərinə qarşı mübarizə mövzularında aparılan beynəlxalq
təşəbbüslərə qoşulub, həmçinin COP29-un Bakıda formalaşan irsinin
davam etdirilməsi üzrə tərəfdaşlarla fikir mübadiləsi
aparıblar.
Mərkəz, eyni zamanda, Xəzər regionunda iqlim əməkdaşlığının
gücləndirilməsinə həsr olunmuş Global Dialogue and the Caspian Sea
prosesində iştirak edərək su səviyyəsinin azalması, çirklənmə və
biomüxtəliflik itkiləri kimi ekoloji çağırışlara qarşı çoxtərəfli
fəaliyyətin əhəmiyyətini önə çəkib.
COP30-da UNCTAD tərəfindən təşkil olunan xüsusi sessiyada
Mərkəzin üzvləri davamlı ticarət və sərmayənin milli iqlim
öhdəliklərinin (NDC-lər) icrasında rolunu, eləcə də aşağı
emissiyalı dəyər zəncirlərinin qurulması üzrə beynəlxalq əməkdaşlıq
imkanlarını müzakirə ediblər.

