
Bakı. Trend:
Noyabrın 17-də Azərbaycan Respublikası Maliyyə Nazirliyində
Koreya Fiskal İnformasiya Xidməti ilə birgə təşkil olunan
“Koreya–Azərbaycan IFMIS Seminarı” keçirilib.
Bu barədə Trend-ə Maliyyə Nazirliyindən məlumat verilib.
Bildiirlib ki, seminarın keçirilməsində məqsəd maliyyə
idarəçiliyinin rəqəmsallaşdırılması prosesini sürətləndirmək,
dövlət maliyyə nəzarətinin daha da gücləndirilməsi üçün qabaqcıl
beynəlxalq təcrübələrlə tanış olmaq və Azərbaycan üçün yeni
İnteqrəolunmuş Maliyyə İdarəetmə Sistemi (IFMIS) konsepsiyasının
hazırlanmasına və “dBrain+” təcrübəsinin öyrənilməsinə dəstək
göstərməkdir.
Seminarın açılışında çıxış edən Maliyyə Nazirliyinin aparat
rəhbəri Natiq Həsənov Maliyyə Nazirliyində son dövrlərdə aparılan
genişmiqyaslı rəqəmsallaşma prosesi barədə məlumat verib və qeyd
edib ki, bu istiqamətdə görülən işlər artıq dövlət idarəçiliyinin
bütün səviyyələrini əhatə edən kompleks transformasiya mərhələsinə
daxil olub. Qeyd olunub ki, “Dövlət maliyyəsinin səmərəli idarə
edilməsinin təşkili ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan
Respublikası Prezidentinin 25 avqust tarixli Fərmanı maliyyə
idarəetməsi sahəsində rəqəmsal islahatların daha da
sürətləndirilməsi üçün çox ciddi hüquqi və institusional baza
formalaşdırır. Həmin fərmanla büdcə planlaşdırılması, icrası,
mühasibat uçotu, dövlət borcunun idarə olunması və auditi əhatə
edən proseslərin vahid yanaşma ilə modernləşdirilməsi üzrə konkret
tapşırıqlar verilib.
Aparat rəhbəri qeyd edib ki, Maliyyə Nazirliyinin əməkdaşlarının
yay aylarında Koreyaya səfəri zamanı “dBrain+” sistemləri ilə
tanışlığı, institusional idarəetmə modelinin öyrənilməsi və tətbiq
olunmuş həllərin yerində araşdırılması Maliyyə Nazirliyi üçün
olduqca dəyərli təcrübə təmin edib.
Öz növbəsində Koreya Fiskal İnformasiya Xidmətinin prezidenti
Seok Ho Yoon vurğulayıb ki, ölkəsinin müvafiq qurumları
Azərbaycanla təcrübə və qabaqcıl texnoloji həllərin paylaşılması
prosesinə yaxından dəstək göstərməyə hazırdır.
Seminar çərçivəsində Koreya tərəfi “dBrain+”, “e-Naradoum”
hökumət subsidiyalarının idarəetmə sistemi və Koreya İqtisadiyyat
və Maliyyə Kiber Təhlükəsizlik Mərkəzinin fəaliyyəti barədə
təqdimatlar edib.
Azərbaycan tərəfi isə ölkənin hazırkı Rəqəmsal Dövlət
İnformasiya Sisteminin strukturu, mövcud informasiya sistemləri və
islahat tələb edən əsas istiqamətlər barədə təqdimatla çıxış
edib.

