
“Beynəlxalq Telekommunikasiya İttifaqının rəsmiləri bildirib ki, WDTC ilk dəfədir MDB regionunda keçirilir və ev sahibi kimi Azərbaycanın seçilməsi ölkənin artan nüfuzunu və rəqəmsal sahədə qlobal əməkdaşlığa verdiyi töhfəni göstərir”.
Metbuat.az xəbər verir ki, bunu Beynəlxalq Telekommunikasiya İttifaqının (BTİ) Baş katibi Dorin Boqdan-Martin Bakıda mətbuat konfransında deyib. Onun fikirlərinə görə, hər bir evin 2030-cu ilə qədər genişzolaqlı internetlə təmin edilməsi üçün dünya üzrə təxminən 2,8 trilyon dollar investisiyaya ehtiyac var:
“Avropaya doğru irəlilədikcə yeni fiber-optik əsas şəbəkənin beynəlxalq əlaqəliliyi daha da gücləndirməsi və rəqəmsal infrastrukturun dayanıqlığını artırması gözlənilir. Məncə, elə az öncə qeyd etdiyim bu iki təşəbbüs qlobal əlaqəliliyin gücünü və əhəmiyyətini çox aydın şəkildə göstərir. Bu, iki həftə ərzində bir araya gələrək rəqəmsal inkişaf üzrə qlobal gündəliyi müəyyənləşdirəcəyimiz bu əlamətdar konfransın birləşdirici mövzusudur.
WTDC-lər mənim üçün xüsusi önəm daşıyır, çünki mənim ITU ilə yolculuğum ilk dəfə 1994-cü ildə keçirilən konfransda başlayıb. Həmin illər əvvəlki konfransda biz telekommunikasiya sahəsində qlobal prioritetlərin əhəmiyyətli şəkildə dəyişdiyini də müşahidə etdik. O dövrdə telekommunikasiyaların sadəcə “rahatlıq yaradan xidmət” kimi qəbul edilməsindən çıxaraq siyasi, iqtisadi, sosial və mədəni sahələrdə əsas komponentə çevrildiyinin şahidi olduq.
Stasionar telefon xətlərindən mobil şəbəkələrə, internetdən süni intellektə, cihazlara birbaşa qoşulma imkanı yaradan peyk sistemlərinin sürətlə yayılmasına qədər texnoloji dəyişikliklərin tempi, məncə, həqiqətən də bizim yaşamaq, öyrənmək və ünsiyyət qurmaq tərzimizi tamamilə dəyişib”.
Dorin Boqdan-Martin qeyd edib ki, növbəti iki həftə ərzində təşkilatın 194 üzv dövlətindən gəlmiş nümayəndələr, həmçinin özəl sektor təmsilçiləri mövcud əlaqəlilik çağırışlarını nəzərdən keçirəcək, müzakirə aparacaq və fikir mübadiləsi edəcəklər. Konfransın nəticəsi isə bir fəaliyyət planı olacaq beləliklə, növbəti dörd il üçün rəqəmsal inkişafın istiqamətini müəyyən edəcək bu fəaliyyət xəritəsi hazırlanacaq.
Gülbəniz Hüseynli / Metbuat.az

