Siniflərdə şagird sayı azaldılmalıdır –

Baş səhifə

“Bir sinifdə 30-dan çox şagirdin olması təlim prosesinin keyfiyyətinə birbaşa təsir edən amildir. Çünki orta ümumtəhsil məktəblərində tədris yükü, fənn proqramlarının həcmi və müəllim-şagird ünsiyyətinin intensivliyi nəzərə alındıqda, böyük komplektli siniflər müəllimin fərdi yanaşmasını məhdudlaşdırır, şagirdlərin sosial-emosional dinlənilmə imkanlarını azaldır və ümumi nəticələrə neqativ təsir göstərir”.

Bunu Təhsil İşçilərinin Həmrəyliyi Alyansının (TİHA) sədri, təhsil eksperti Əmrah Həsənli Metbuat.az-a açıqlamasında bildirib.

O, qanunvericiliyin də bu məsələyə diqqət yetirdiyini vurğulayıb:

“”Ümumi təhsil haqqında” Qanunda və aidiyyəti normativ sənədlərdə sinif komplektləşməsi zamanı şagird sayının optimal həddə saxlanılması tövsiyə olunur. Məqsəd ondan ibarətdir ki, hər bir şagirdin təlimə cəlb olunması, qiymətləndirmədə obyektivlik və pedaqoji nəzarət effektivliyi təmin olunsun. Beynəlxalq təcrübə göstərir ki, Finlandiya, Estoniya, Sinqapur kimi yüksək nəticəli sistemlərdə siniflər orta hesabla 18–24 şagirddən ibarət olur. Bu model müəllimin sinfi tam idarə etməsinə, kritik düşünmə və layihə əsaslı tapşırıqların keyfiyyətlə icrasına şərait yaradır. Bizim reallıqda da məqsədəuyğun say 20–24 nəfər aralığıdır. Bu, həm müəllimə şagirdləri fərdi şəkildə tanımaq, həm də şagirdlərin diqqətini dərs prosesinə yönləndirmək baxımından optimal hədd hesab olunur”.

Ekspert sinifdə şagirdlərin sayının tənzimləməsinin iki istiqamətdə aparılmalı olduğunu qeyd edib:

“İlk növbədə infrastruktur genişləndirilməlidir. Yeni məktəblərin tikilməsi, köhnə məktəblərin əlavə korpuslarla böyüdülməsi və mövcud məkanların səmərəli istifadəsi vacibdir. Həmçinin sinif komplektləşməsi qaydalarının gücləndirilməsinə ehtiyac var. Qeydiyyat, köçürmə və sinif bölgüsü zamanı normativlərin ciddi tətbiqi, məktəblərə əlavə pedaqoji ştat vahidlərinin ayrılması mütləqdir. Nəticə etibarilə, siniflərin şagird sıxlığını azaltmaq yalnız komfort məsələsi deyil, istehsal edilən təhsilin keyfiyyətinə birbaşa təsir göstərən strateji addımdır. Bu baxımdan sinif sayının normallaşdırılması təhsilin keyfiyyətinin yüksəldilməsi üçün vacib şərtdir”.

Sevinc İbrahimzadə / Metbuat.az

You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir