
Bakı. Trend:
ATƏT PA-nın İstanbulda keçirilən 23-cü payız sessiyası
çərçivəsində ilk dəfə olaraq TÜRKPA-nın koordinatorluğu və Türkiyə
Böyük Millət Məclisinin ATƏT-dəki nümayəndə heyətinin sədri cənab
Selami Altınokun ev sahibliyində ATƏT-dəki nümayəndə heyətlərinin
koordinasiya iclası baş tutub.
Trend xəbər
verir ki, görüşdə Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Türkiyə,
Macarıstan, Özbəkistan nümayəndə heyətlərinin rəhbərləri və
üzvləri, eləcə də TÜRKPA Beynəlxalq Katibliyinin nümayəndələri
iştirak edib.
Selami Altınok bütün qonaqları salamlayaraq koordinasiya
görüşünün əhəmiyyətini vurğulayıb. O, qardaş türk dünyası
ölkələrinin nümayəndə heyətlərinin belə görüşlərinin ortaq tarixi
və mədəni irsin bölüşülməsi baxımından mühüm olduğunu qeyd edərək,
bunun türk dövlətləri arasında davamlı əməkdaşlıq və birliyin daha
da güclənməsinə xidmət edəcəyini bildirib.
İclasda ortaq əməkdaşlığın gücləndirilməsi, ATƏT PA və digər
beynəlxalq təşkilatlar çərçivəsində ortaq maraqlara xidmət edən
birgə fəaliyyət mexanizminin və yol xəritəsinin hazırlanması,
habelə TÜRKPA Beynəlxalq Katibliyinin 2008-ci ildə imzalanmış
qurucu İstanbul Sazişinin müvafiq müddəalarına əsasən bu
koordinasiya prosesində hərtərəfli iştirak etməsi və tərəflər
arasında onlayn və oflayn əlaqələrin lazımi səviyyədə təmin
edilməsi kimi mühüm məsələlər müzakirə edilib.
Bundan başqa, TÜRKPA-nın ATƏT PA-da müşahidəçi statusu alması
ilə bağlı Qazaxıstan tərəfinin irəli sürdüyü təklif bütün
iştirakçılar tərəfindən dəstəklənib və bu istiqamətdə konkret
addımların atılması barədə ortaq mövqe ifadə edilib.
TÜRKPA Baş katibi cənab Ramil Həsən çıxışı zamanı bu istiqamətdə
TÜRKPA Beynəlxalq Katibliyinin üzərinə düşəcək bütün vəzifələri
məsuliyyətlə icra edəcəyini bildirirərək üzv ölkələrin parlament
sədrlərinə və nümayəndə heyətlərinə proses haqqında ətraflı məlumat
veriləcəyini qeyd edib. O həmçinin vurğulayıb ki, gələcəkdə üzv
ölkələrin ortaq maraqlarına xidmət edəcək məsələlərin səsvermədən
əvvəl müzakirəyə çıxarılması və ehtiyac yarandıqda tövsiyə
xarakterli qərarların qəbul olunması üçün TÜRKPA Beynəlxalq
Katibliyində bütün imkanlar mövcuddur və bu imkanlar qardaş Türk
dövlətlərinin və onların parlamentlərinin birliyinə xidmət
edir.
Koordinasiya iclasında Özbəkistan Respublikası Ali Məclisinin
hər iki palatasının nümayəndələrinin iştirakından istifadə edən
cənab Ramil Həsən, Özbəkistanın yaxın zamanda TÜRKPA-da üzvlük əldə
etməsi ilə bağlı çağırışını yenidən səsləndirib.
Görüşdə Baş katibin müavini Muhammet Alper Hayali və Komissiya
katibi Aynurə Abutalıbova da iştirak edib.

