
Bakı. Trend:
14–16 noyabr tarixlərində qədim Gəncə şəhəri daha bir mötəbər
yarışa ev sahibliyi edib. Aerobika gimnastikası üzrə böyüklər
arasında 14-cü Avropa çempionatı uğurla başa çatıb.
Trend xəbər verir ki, 3 gün
davam edən yarışda 18 ölkədən 151 gimnast müxtəlif kateqoriyalar
üzrə: fərdi, qarışıq cütlük, üçlük, qrup və aerodans proqramlarında
öz çıxışlarını nümayiş etdiriblər.
Yarışın ikinci təsnifat gününün sonunda komanda hesabında
mükafatlandırma baş tutub. Mükafatlandırmada 1-ci yerdə İtaliya,
2-ci yerdə Rumıniya, 3-cü yerdə isə İspaniya qərarlaşıb.
İkinci təsnifat gününün nəticələrinə əsasən gimnastlar final
mərhələsinə vəsiqə qazana biliblər. Finala vəsiqə qazananlar
arasında qarışıq cütlüyümüz – Mədinə Mustafayeva və Vladimir
Dolmatov da yer alıb.
Final günündə bütün kateqoriyalar üzrə finalçıların çıxışları
sərgilənib və ən yaxşılar Avropa çempionu adını qazanıb.
Aerobika gimnastikası üzrə favorit cütlüyümüz Mədinə Mustafayeva
və Vladimir Dolmatov Avropa çempionu adını qazanaraq 1-ci yerin
sahibi olublar.
Yarış müddətində idmançılar kimi tamaşaçılar da birlik nümayiş
etdiriblər.
Komandalarla azarkeşlərin ortaq coşqusu bütün yarış boyunca komanda
ruhunu və həmrəyliyi ön plana çıxarıb. Tamaşaçıların dəstəyi
idmançılara əlavə güc verib və yarışı daha yaddaqalan edib.
Son olaraq, ölkəmizə gələn bütün nümayəndələr, idmançılar və
tamaşaçılar Gəncənin və Gəncə İdman Sarayının çox gözəl və müasir
olduğunu, insanların isə səmimi və qonaqpərvər davrandığını
vurğulayıblar. Həmçinin gimnastika sahəsinə xüsusi önəm verildiyini
və yarışın yüksək səviyyədə təşkil olunduğunu qeyd ediblər.
Çempionat boyunca Avropa Gimnastikasının maskotu “Luigi” də həm
idmançılara dəstək olub, onları motivasiya edib, həm də
tamaşaçılarla əyləncəli müsabiqələr keçirib.

