
Bakı. Trend:
Azərbaycan Respublikasının Milli Məclisinin deputatları – Səməd
Seyidov, Anatoliy Rafailov, Nigar Arpadarai, Tural Gəncəliyev,
Xarici İşlər Nazirliyinin Beynəlxalq İnsan Hüquqları Təsisatları
ilə Əməkdaşlıq İdarəsinin rəisi vəzifəsinin icra edən Jalə
İbrahimova, Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin şöbə
müdiri Vasif Hüseynov və Sefarad yəhudilərinin Bakı dini icmasının
sədri ravvin Zamir İsayevin yer aldığı nümayəndə heyəti ABŞ-də
səfərdədir.
Trend xəbər verir ki, səfərin
məqsədi ABŞ Konqresinin yuxarı və aşağı palatasının üzvləri, ABŞ
administrasiyasının rəsmiləri, aparıcı beyin mərkəzlərinin
nümayəndələri və yəhudi təşkilatları ilə görüşlərin keçirilməsi,
regionumuzda baş verən yeniliklər və mövcud Azərbaycan-ABŞ
ikitərəfli əlaqələrində yaranmış müsbət dinamika, eləcə də
Azərbaycan-Ermənistan sülh prosesi barədə məlumatların
verilməsidir.
17 noyabr tarixində nümayəndə heyəti öz işinə başlayıb. İlk
görüş ABŞ Konqresinin Nümayəndələr Palatasının Xarici İşlər
Komitəsinin üzvü Cim Birdin ofisinin rəhbəri Sara Rosnik ilə baş
tutub.
Daha sonra nümayəndə heyəti ABŞ-nin bir sıra aparıcı yəhudi
təşkilatlarının, beyin mərkəzlərinin və ABŞ Konqresinin üzvlərinin
köməkçilərinin də iştirak etdiyi dəyirmi masada iştirak edib.
Görüşlərdə nümayəndə heyətinin üzvləri tərəfindən Cənubi Qafqaz
regionunda gedən proseslər, 8 avqust- Vaşinqton Sammitindən sonra
Azərbaycan – ABŞ ikitərəfli əlaqələrində yaranmış canlanma, eyni
zamanda 907-ci düzəlişin ləğvi, ABŞ Konqresində ölkəmizin əleyhinə
irəli sürülmüş təşəbbüslər və bir sıra digər məsələlər barədə
məlumat verilib, qarşı tərəfi maraqlandıran suallar
cavablandırılıb.
Sonrakı günlərdə nümayəndə heyətinin ABŞ Dövlət Departamenti,
ABŞ Konqresinin yuxarı və aşağı palatasının üzvləri, beyin
mərkəzlərinin nümayəndələri və Azərbaycan – ABŞ Ticarət Palatasında
görüşlərin keçirilməsi nəzərdə tutulur. Səfər 21 noyabr tarixinədək
davam edəcək.

