
Bakı. Trend:
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Gəncə
şəhəri ərazisində vətəndaşın Gəncə çayının dərəsinə yıxılaraq
köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.
Fövqəladə Hallar Nazirliyindən Trend-ə bildirilib ki, məlumatla əlaqədar
dərhal FHN-in Gəncə Regional Mərkəzinin xilasediciləri əraziyə cəlb
olunub.
Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub
ki, 1964-cü il təvəllüdlü Novruzov Mənsud Vahid oğlu körpünün
üzərindən keçərkən ehtiyatsızlıqdan 20m hündürlükdən Gəncə çayının
dərəsinə yıxılıb, müxtəlif dərəcəli bədən xəsarətləri alaraq
köməksiz vəziyyətdə qalıb.
Xilasedicilər xüsusi vasitələrlə vətəndaşı çaydan çıxarıb xilas
edərək, təcili tibbi yardım briqadasına təhvil veriblər.

