
Bakı.Trend:
BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) və
Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının (ÜHST / WOAH) birgə
məlumatına əsasən, dabaq (Foot-and-Mouth Disease – FMD)
xəstəliyinin əsasən Cənubi Afrika üçün xarakterik olan SAT-1
(Southern African Territories) serotipi son aylarda Yaxın Şərq və
Qərbi Avrasiya regionlarında aşkar edilib. Türkiyə, Gürcüstan, İraq
və Azərbaycanın da daxil olduğu üçüncü epidemioloji hövzə
ərazisində Türkiyə və İraqda xəstəliyin SAT-1 serotipinin yayılması
rəsmi təsdiqini tapıb.
Trend xəbər
verir ki, bu barədə Kənd Təsərüfatı nazirliyi məlumat yayıb.
Bildirilib ki, bu səbəbdən FAO və ÜHST tərəfindən müvafiq
ölkələrə biotəhlükəsizlik, monitorinq və peyvəndləmə tədbirlərinin
gücləndirilməsi, həmçinin xəstəliyə qarşı erkən xəbərdarlıq və
cavab mexanizmlərinin təkmilləşdirilməsi tövsiyə edilib.
Bölgədə dabaq xəstəliyinin SAT-1 serotipi ilə bağlı yoluxma
risklərini nəzərə alaraq Azərbaycan Respublikasının Kənd
Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyi (AXA)
tərəfindən builki peyvəndləmə planından kənar dabaq xəstəliyinin
həmin serotipinə qarşı əlavə peyvənd alınıb və aidiyyəti qurumlar
ilə razılaşdırılmaqla profilaktik peyvəndləmə tədbirlərinə
başlanılıb.
Bildiririk ki, peyvənd tədarükü və peyvəndləmə tədbirlərinin bu
ilin sonuna qədər başa çatdırılması planlaşdırılır. Artıq peyvənd
vasitəsinin müəyyən hissəsi ölkəmizə gətirilib və sərhədboyu
ərazilərdə dabaq xəstəliyinin SAT-1 serotipi üzrə peyvəndləmə
işlərinə başlanılıb. Həyata keçiriləcək profilaktik tədbirlər dabaq
xəstəliyinin SAT-1 serotipinin ölkə ərazisində yayılmasının və
heyvandarlıq sahəsində itkilərin qarşısını almağa xidmət edir.
AXA FAO və ÜHST tövsiyələri nəzərə alınmaqla epizootik
sabitliyin qorunması, biotəhlükəsizlik tədbirlərinin
gücləndirilməsi və peyvəndləmə tədbirlərinin operativ həyata
keçirilməsi istiqamətində fəaliyyətini davam etdirir.

