
Bakı.Trend:
Ötmə qaydalarının pozulması respublika yollarında baş verən ağır
və faciəvi nəticəli yol-nəqliyyat hadisələrinin əsas səbəblərindən
biri olaraq qalır. Belə qəzaların baş verməsinə çox zaman yüksək
sürət, riskli manevrlər və sürücülərin yolun real vəziyyətini
düzgün qiymətləndirməməsi səbəb olur.
Trend xəbər
verir ki, bu barədə BDYPİ-nin sürücülərə ünvanladığı müraciətdə
bildirilib.
Qeyd edilib ki, xüsusilə əks istiqamətli hərəkət zolağına
çıxaraq aparılan təhlükəli ötmə qarşı-qarşıya toqquşmalara səbəb
olur ki, belə hallarda nəqliyyat vasitələrinin sürətləri bir-birinə
doğru yönəldiyi üçün zərbə qüvvəsi dəfələrlə artır və nəticələr çox
vaxt faciəvi olur.
Baş Dövlət Yol Polisi İdarəsi sürücülərə bir daha xatırladır ki,
ötmə yalnız yol nişanlarının icazə verdiyi yerlərdə aparılmalı, əks
istiqamətli hərəkət zolağına çıxmazdan əvvəl qarşıdan gələn
nəqliyyat vasitələrinin sürəti və məsafəsi düzgün
qiymətləndirilməli, təhlükəsizlikdən tam əmin olduqdan sonra bu
proses icra edilməlidir.
Unutmayaq ki, yollarda təhlükəsizliyin əsas şərti diqqət,
məsuliyyət və ehtiyatlı davranışdır.
Qaydalara əməl etmək özümüzü və başqalarını qorumağın ən sadə
yoludur.

