Azərbaycanın Milli Etalon Vaxtı beynəlxalq səviyyədə təsdiqləndi

Baş səhifə

Bakı. Trend:

Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və
İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin tabeliyində olan
Azərbaycan Metrologiya İnstitutu (AzMİ) tərəfindən milli vaxt
infrastrukturunun formalaşdırılması istiqamətində mühüm addım
atılıb. Belə ki, ilk dəfə Milli Etalon Vaxtı, yəni UTC (AZ)
Beynəlxalq Çəkilər və Ölçülər Bürosu (Bureau International des
Poids et Mesures – BIPM) tərəfindən təsdiqlənib.

Bu barədə Trend agentliyə istinadən xəbər verir.

Məlumata görə, hazırda Azərbaycan UTC-yə (Coordinated Universal
Time – Koordinasiyalı Universal Vaxt) töhfə verən laboratoriyaya
malik dövlətlər sırasında yer alır. Belə ki, AzMİ-nin Vaxt və
tezlik ölçmələri laboratoriyası tərəfindən milli vaxtla peyk
sistemləri arasındakı vaxt fərqinə dair məlumatlar mütəmadi olaraq
BIPM-ə göndərilir.

Qeyd edək ki, dəqiq vaxtın dövlət qurumları, özəl sektor,
maliyyə və nəqliyyat sahələri, eləcə də telekommunikasiya
şəbəkələri üçün əhəmiyyətini nəzərə alaraq, xarici mənbələrdən
asılılığın azaldılması məqsədilə Azərbaycan Respublikası
Prezidentinin müvafiq Sərəncamı ilə təsdiq edilmiş “2022–2026-cı
illərdə sosial-iqtisadi inkişaf Strategiyası” çərçivəsində AzMİ-nin
Vaxt və tezlik ölçmələri laboratoriyası müasir tələblərə uyğun
yenidən qurulub.




Sözügedən laboratoriya yüksək dəqiqlikli sezium atom saatları,
peyk siqnal qəbulediciləri və NTP (Network Time Protocol – Şəbəkə
Vaxtı Protokolu) əsaslı vaxt paylama sistemi ilə təchiz olunub.

UTC (AZ)-nin təsdiqlənməsi maliyyə, telekommunikasiya,
nəqliyyat, energetika və digər mühüm əhəmiyyətli sahələrin dəqiq,
etibarlı və təhlükəsiz vaxtla təmin edilməsinə şərait yaradacaq.
Eyni zamanda bu təşəbbüs ölkəmizdə vaxt metrologiyası üzrə
elmi-tədqiqat fəaliyyətlərinin əsasını qoyacaq, kadr potensialının
inkişafına və elmi-texniki tərəqqinin sürətlənməsinə töhfə
verəcək.

Milli Etalon Vaxtının təsdiqlənməsi yalnız texniki yenilik
deyil, həm də ölkəmizin strateji maraqları, iqtisadi
təhlükəsizliyi, informasiya müstəqilliyi və beynəlxalq etibarlılığı
baxımından mühüm əhəmiyyət kəsb edən addımdır.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir