
Bakı. Trend:
ABŞ-nin aparıcı beyin mərkəzləri ilə əməkdaşlıq təcrübəsi
Azərbaycanın diplomatik məktəbinin formalaşmasında və Bakı ilə
Vaşinqton arasındakı ikitərəfli münasibətlərin inkişafında mühüm
rol oynayıb.
Trend xəbər verir
ki, bunu bu gün ADA Universitetinin rektoru, Azərbaycanın ABŞ-dəki
keçmiş səfiri Hafiz Paşayev Bakıda keçirilən Azərbaycan-ABŞ Beyin
Mərkəzlərinin 1-ci Forumunda çıxışında deyib.
Hafiz Paşayev qeyd edib ki, Vaşinqtonda diplomatik fəaliyyətinin
ilk illəri onun peşəkar formalaşmasına həlledici təsir göstərib. O
vurğulayıb ki, “K Street”də yerləşən Strateji və Beynəlxalq
Araşdırmalar Mərkəzi (CSIS) kimi ABŞ beyin mərkəzlərinin işini özü
üçün “həqiqi universitet” hesab edib.
“Bu, mənim üçün real diplomatiya məktəbi idi. Bacardığım qədər
çox tədbirlərdə iştirak etməyə çalışırdım, belə ki, həmin
institutlarda müzakirələr aparılırdı, o müzakirələrdən çox şey
öyrənmək mümkün idi”, – deyə o bildirib.
ADA Universitetinin rektoru həmçinin xatırladıb ki, 1990-cı
illərin əvvəlində Azərbaycan diplomatiyasının əsas vəzifələrindən
biri ABŞ ictimaiyyətinə ölkə barədə obyektiv məlumatları çatdırmaq
idi. Onun sözlərinə görə, səfirliyin fəaliyyəti və “ABŞ-Azərbaycan”
Ticarət-Sənaye Palatasının yaradılması bu işin mühüm hissəsini
təşkil edib.
Hafiz Paşayev gənc Azərbaycan diplomatlarının hazırlanmasında
Amerika beyin mərkəzlərinin rolunu xüsusi vurğulayaraq qeyd edib
ki, onların tədbirlərində iştirak ABŞ-nin spesifikasını və
Vaşinqtonda qərar qəbuletmə prosesinin xüsusiyyətlərini daha yaxşı
anlamağa imkan verirdi.
Mərkəzi Asiya ilə əməkdaşlıqdan danışan Hafiz Paşayev bildirib
ki, region ölkələrinin aktiv qarşılıqlı fəaliyyəti ilə bağlı
ideyalar artıq uzun illərdir təşviq olunur. O xatırladıb ki, hələ
1996-cı ildə professor Fred Starrın dəvəti ilə Mərkəzi Asiya
İnstitutunun yaradılmasına həsr olunmuş tədbirdə çıxış edib və
institutun adına Qafqazın da əlavə olunmasını təklif edib – bu
fikir dəstəklənib.
“Bu gün Mərkəzi Asiya dövlətləri ilə Azərbaycanı birləşdirən
C5+1 formatı həmin yanaşmaların aktuallığını göstərir və regional
əməkdaşlıq üçün yeni imkanlar açır”, – deyə H.Paşayev
vurğulayıb.

