
Bakı. Trend:
Azərbaycan və Ermənistan arasında sülhün möhkəmləndirilməsi
strateji nəqliyyat təşəbbüslərinin, o cümlədən TRIPP (The Trump
Route for International Peace and Prosperity) layihəsinin həyata
keçirilməsi üçün şərait yaradacaq.
Trend xəbər verir
ki, bunu bu gün “New Lines Institute”un Avrasiyada təhlükəsizlik və
rifah məsələləri üzrə baş direktoru Kamran Bokhari Bakıda keçirilən
Azərbaycan-ABŞ beyin mərkəzlərinin I forumunda çıxışında deyib.
Bokhari qeyd edib ki, regionda qüvvələr balansı dəyişib və bu
gün Cənubi Qafqazın sabit və işlək tranzit marşrutuna çevrilməsi
üçün əsas amil məhz siyasi tənzimlənmədir.
“Bakı və İrəvan arasında sülhün möhkəmləndirilməsi, Cənubi
Qafqazın tamhüquqlu şərq–qərb dəhlizinə çevrilməsi imkanını açır.
Davamlı sülh olmadan Transxəzər logistikasının və bütün Orta Dəhliz
infrastrukturunun normal fəaliyyətini təmin etmək mümkün deyil”, –
deyə o bildirib.
Onun sözlərinə görə, Vaşinqton avqustun 8-də keçirilən görüşdən
sonra TRIPP-in inkişafını dəstəkləməklə, regionun uzunmüddətli
sabitliyi və əlaqəliliyi ilə bağlı marağını nümayiş etdirib.
“TRIPP ABŞ-nin Avrasiya strategiyasının mühüm elementi ola
bilər, lakin onun gerçəkləşməsi yalnız möhkəm sülh şəraitində
mümkündür. Eyni sözlər Orta Dəhlizə də aiddir: şərqi Ermənistan,
Naxçıvan Muxtar Respublikası və Türkiyə arasındakı hissədə
təhlükəsizlik təmin olunmadan onun potensialı məhdud olaraq qalır”,
– ekspert vurğulayıb.

