Dövlət Dəniz və Liman Agentliyi dənizçi sənədlərinin verilməsində rəqəmsallaşma mərhələsinə başlayır

Baş səhifə

Bakı.Trend:

Dövlət Dəniz və Liman Agentliyi (DDLA) dənizçi sənədlərinin
verilməsi prosesində rəqəmsallaşma istiqamətində mühüm addım atıb.
Belə ki, artıq dənizçilərə sertifikatlar (diplomlar), xüsusi
hazırlıq şəhadətnamələri, tanınma sertifikatları və güzəştli
icazələrin QR kodla təmin olunmuş yeni formatda verilməsinə
başlanılıb.

Trend xəbər
verir ki, bu barədə RİİN məlumat yayıb.

Bildirilib ki, sistemə inteqrasiya olunmuş verilənlər bazası
vasitəsilə dənizçilərin təhsil sənədlərinin həqiqiliyi,
fotoşəkilləri, Dövlət Sərhəd Xidmətinin giriş-çıxış məlumatları,
habelə digər identifikasiyaedici və funksional məlumatlar avtomatik
olaraq verifikasiya edilir. Nəticədə aidiyyəti qurumlar tərəfindən
əlavə sənəd təqdim olunmasına ehtiyac qalmır. Bu isə həm
müraciətlərin emal vaxtını qısaldır, həm də məlumat mübadiləsinin
dəqiqliyini və təhlükəsizliyini artırır.

Yeni tətbiq olunan rəqəmsal sistem dənizçi sənədlərinin
etibarlılığının operativ, şəffaf və real vaxt rejimində
yoxlanılmasını təmin edir. Bu yanaşma saxtakarlıq risklərini
minimuma endirməklə yanaşı, inzibati prosedurların yükünü də
əhəmiyyətli dərəcədə azaldır.




Beynəlxalq Dəniz Təşkilatı (BDT) rəqəmsallaşma istiqamətində
mühüm təşəbbüslərlə çıxış edərək dənizçilər və gəmiçilik şirkətləri
üçün inzibati yükün azaldılması, eləcə də elektron sertifikatların
tətbiqi və tanınması mexanizmlərinin təkmilləşdirilməsini təşviq
edir.

Qeyd olunan istiqamətlə bağlı müddəalar DHDNÇ Konvensiyasında və
digər beynəlxalq hüquqi sənədlərdə edilmiş müvafiq əlavələrdə
əksini tapıb. Bu dəyişikliklər dənizçilərə verilən sertifikatların
elektronlaşdırılması, beynəlxalq səviyyədə tanınması
mexanizmlərinin təkmilləşdirilməsini dəstəkləyərək qlobal
rəqəmsallaşma tendensiyalarına uyğun modern yanaşmanın tətbiqini
təmin edir.

DDLA da bu beynəlxalq çağırışa qoşularaq dənizçi sənədlərinin
elektronlaşdırılması və rəqəmsal identifikasiyası sahəsində
məqsədyönlü tədbirlər həyata keçirir. Hazırda dənizçi sənədlərinin
tam elektronlaşdırılması istiqamətində təşkilati və hüquqi hazırlıq
işləri davam etdirilir.

Yeni sistemin tətbiqi Azərbaycan dənizçilik sektorunda
beynəlxalq tələblərə uyğun, etibarlı və müasir idarəetmə modelinin
formalaşmasına xidmət edəcək.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir