“AzerGold” QSC-nin təşəbbüsü ilə Göygöldə interaktiv kitab köşkü istifadəyə verildi (FOTO)

Baş səhifə

Bakı. Trend:

“AzerGold” QSC-nin təşəbbüsü və təşkilatçılığı ilə Göygöl
rayonunda mütaliə imkanlarının genişləndirilməsi məqsədilə müasir
formatda interaktiv kitab köşkü quraşdırılıb.

Göygöl şəhərinin mərkəzində yerləşən Heydər Əliyev adına
mədəniyyət və istirahət parkında quraşdırılan yeni kitab köşkü
sakinlərə istənilən vaxt asan, pulsuz və sərbəst şəkildə kitab əldə
etmək imkanı yaradır.

Layihənin əsas üstünlüklərindən biri mütaliəni rəqəmsal
texnologiyalarla birləşdirən sadə və əlçatan qeydiyyat
mexanizmidir. Belə ki, istifadəçi köşkdə yerləşdirilmiş QR kodu
smartfonla oxudaraq, elektron qeydiyyatdan keçir və daha sonra
geniş seçim imkanı yaradan siyahıdan istədiyi kitabı əldə edə
bilir.

Sistem kitab dövriyyəsinin səmərəli idarə edilməsini təmin etmək
üçün avtomatik xatırlatma funksiyasına malikdir. Kitab
götürüldükdən 15 gün sonra istifadəçiyə SMS bildirişi göndərilir və
oxu prosesi başa çatdıqdan sonra kitabın köşkə qaytarılması xahiş
olunur. Bundan əlavə, elektron sistem ən çox kitab mütaliə etmiş
oxucunu və kitabları vaxtında geri qaytaran istifadəçiləri
müəyyənləşdirərək onların reytinqini formalaşdırır.




Bu yanaşma kitabların davamlı istifadəsini təmin edir, daha çox
insanın onlardan yararlanmasına şərait yaradır, həmçinin real vaxt
rejimində oxucu statistikasının təhlilinə imkan verir. Rüb ərzində
ən çox kitab mütaliə etmiş oxuculara Cəmiyyət tərəfindən
həvəsləndirici hədiyyələr təqdim olunacaq.

Kitab köşkündə dünya klassiklərinin əsərləri, müasir Azərbaycan
və dünya ədəbiyyatı nümunələri, uşaqlar və yeniyetmələr üçün, eləcə
də biznes və özünüinkişaf istiqamətləri üzrə nəfis tərtibatla çap
edilmiş 400-dək yeni kitab təqdim olunur.

“AzerGold” QSC bu layihə ilə icmaların intellektual inkişafına
töhfə verməyi, xüsusən regionlarda oxu mədəniyyətini təşviq etməyi
hədəfləyir. Xatırladaq ki, analoji təşəbbüsün ilk nümunəsi ötən il
Daşkəsən rayonunun ucqar Quşçu kəndində reallaşdırılıb. “Kitab
köşkü” layihəsi dövlət şirkətinin hasilat fəaliyyəti göstərilən
bölgələrdə bu günə qədər icra etdiyi “Kitab sovqatı”, “Uşaq kitab
dostu” kimi bir sıra uğurlu maarifləndirici layihələrin
davamıdır.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir