
Bakı. Trend:
Ermənistanın daxili siyasi mənzərəsi indi elə biri durumdadır
kim, 2026-cı il parlament seçkiləri uğrunda mübarizə artıq faktiki
olaraq başlaması tam aşkardır. Halbuki təbliğat-təşviqat
kampaniyası təbii ki, hələ rəsmən elan olunmayıb.
Siyasi meydan sürətlə baş nazir Nikol Paşinyanın fiquru
ətrafında qütbləşir. Son aylarda o, təkcə inzibati resurslarını
gücləndirməklə kifayətlənməyib, həm də hakimiyyətin strukturunu
yenidən formatlayaraq “keçmiş” revanşist dairələri və xarici
ölkələrlə onilliklər boyu bağlı olan saxta elita şəbəkəsini siyasi
səhnədən tamamilə sıxışdırmaq xəttini qurub. Qarşıdurma artıq
uzunmüddətli və planlı bir “təmizləmə” kampaniyasına çevrilib və
hətta Paşinyanın tənqidçiləri də bunu son illərin ən ardıcıl daxili
siyasi əməliyyatı kimi qəbul edirlər.
Ən mühüm amil kimi ənənəvi müxalifət klanlarının sürətlə
zəifləməsi göstərilir. 2025-ci ilin əvvəlində aparılan üç sorğunun
nəticələrinə əsasən, Serj Sarqsyan və Robert Koçəryanın
qüvvələrinin birgə elektorat dəstəyi 20 faizdən yuxarı qalxmır.
Eyni zamanda əhalinin təxminən 40 faizi hələ də qərarsızlar
qrupundadır. Bu isə paradoksal vəziyyət yaradır: müxalifətin formal
zəifliyi cəmiyyətdə yüksək dəyişkənliklə müşahidə olunur. Fəqət
struktur problem eynidir – heç bir müxalifət platforması köhnə
sxemlərə və ya xarici təsirlərə söykənməyən, müstəqil siyasi model
təqdim edə bilmir. Paşinyan isə bunu öz çıxışlarında əsas arqument
kimi göstərir: “hakim kursa alternativ yoxdur, köhnə dövrə qayıdış
isə asılılıq, korrupsiya və xarici nəzarətə dönüş deməkdir”.
Ritorikanı gücləndirən amillərdən biri də rusiyalı oliqarx
Samvel Karapetyanın qardaşı oğlu ilə ilə amerikalı jurnalist Taker
Karlsonun muzdlu, səs-küylü müsahibəsi oldu. Formal olaraq adi
podkast təsiri bağışlasa da, əslində bu, seçki dövrü öncəsi
Paşinyana qarşı xaricdən yönəldilmiş kampaniyanın bir hissəsinə
çevrildi. Qonağın seçilməsi elə şübhəli idi ki, erməni ekspert
dairələrində belə bir sual yarandı: “Çəkisi yalnız problemli rus
oliqarx mühitinə mənsubiyyətindən ibarət olan birini efirə
çıxarmağa dəyərdi?” Lakin müsahibənin məzmun analizi göstərdi ki,
məqsəd qonağın özü deyil, efirdə səsləndirilən mesajların toplusu
idi. Karlson müsahibənin böyük qismini Paşinyana qarşı Rusiya
təbliğat kanallarının ritorikasını təkrarlayaraq “xristianlığa
qarşı mübarizə”, “ənənəvi dəyərlərin dağıdılması”, “LGBT gündəminin
təbliği” kimi klişelərlə doldurdu. Bu cür şablonlar Kreml
tərəfindən illərdir öz siyasətini qəbul etməyən liderləri ləkələmək
üçün istifadə olunur.
Ermənistanda bu ittihamlar ya istehzayla, ya da çaşqınlıqla
qarşılanır. Kilsənin tarixi təsirinin böyük olduğu, cəmiyyətin isə
hələ də 1990-cı illərin ortalarındakı konservativ səviyyədə qaldığı
ölkədə Paşinyanı “liberal diktator” kimi təqdim etmək absurddur.
Amma məhz bu şablon ritorikanın sərtliyi Paşinyana göstərdi ki,
İrəvana qarşı təzyiqin yeni mərhələsinə keçilib ki, məqsəd xaricdə
antihakimiyyət diskursunun formalaşdırılmasıdır. Nəticədə bu hücum
ölkə daxilində onun xeyrinə işləyib: müsahibədən bir həftə sonra
hökumətə yaxın media bu hadisəni ictimaiyyətə “artıq mübarizənin
daxili yox, beynəlxalq miqyas aldığı” kimi təqdim etdi.
Daxildə isə 2025-ci ilin əvvəlindən etibarən proseslər daha da
sürətlənib. Əsas siqnal Eçmiədzində keçirilən seçkilər oldu –
kilsənin ənənəvi təsirinin və siyasi çəkisinin çox yüksək olduğu
şəhərdə hakim “Vətəndaş Müqaviləsi” partiyası 33 yerin 19-nu
qazandı. Robert Köçəryanın çevrəsinə bağlı “Qələbə” bloku cəmi 12
mandat əldə etdi, “Ana Ermənistan” isə iki yerlə kifayətləndi.
Beləliklə, dini- revanşist qrupların “müqəddəs mərkəz”də narazılıq
dalğası qaldırmaq cəhdi uğursuz oldu.
Paşinyan bu qələbədən maksimum istifadə etdi. O, seçkilərdən
dərhal sonra yazdığı paylaşımda açıq şəkildə bildirdi ki,
“səsvermənin nəticələri Müqəddəs Eçmiədzinin Ktriç Nersisyanın
təsirindən azad olunması üçün impuls oldu”. Ermənistan siyasi
leksikonunda bu ifadə misilsizdir. Baş nazir faktiki olaraq kilsə
rəhbərini xaricdəki mərkəzlərə xidmət edən dairələrlə siyasi
bağlılıqda və dövlət maraqlarına təhlükə yaratmaqda ittiham etdi.
Bu, hökumətlə Eçmiədzin arasında uzunmüddətli gizli gərginliyin
açıq mərhələyə keçdiyini göstərdi.
Vagarşapatdakı uğurdan sonra hakimiyyət müxalifətin ənənəvi
dayaqları olan iri şəhərlərdə təşəbbüsü ələ almağa başladı. Ən
diqqətçəkən nümunə Gümrü oldu – burada martda keçirilən seçkilərdə
müxalifətin dəstəklədiyi, kriminal keçmişi ilə tanınan Vartan
Qukasyan mer seçilmişdi. Revanşist qüvvələr bunu “böyük qayıdışın
başlanğıcı” kimi təqdim edirdilər. Fəqət Qukasyan Ermənistan
Antikorrupsiya Komitəsi tərəfindən rüşvət alma ittihamı ilə həbs
edildi – istintaq versiyasına görə, o və bir qrup məmur yerli
sahibkardan saxta sənəd üçün dörd milyon dram tələb etmişdi. Bu
qalmaqal müxalifətin informasiya kampaniyasını tam iflasa uğratdı
və “köhnə nəsil siyasətçilərin” geri dönüşünün labüd şəkildə
korrupsiyanın da qayıdışı demək olduğunu sübut etdi.
Hökumətin daxili siyasi gündəliyi iki əsas istiqamət üzərində
qurulub. Birincisi – Azərbaycanla sülh prosesi. 8 avqustda Ağ Evdə
imzalanan razılaşmalar, Ermənistanda “Tramp marşrutu” adlandırılan
nəqliyyat dəhlizinin razılaşdırılması və regional
kommunikasiyaların mərhələli açılması Paşinyana keçmişə deyil,
gələcəyə istinad etməyə imkan verir. İkincisi – ABŞ ilə strateji
tərəfdaşlıq. Hakim partiya bu əlaqəni suverenliyin əsas təminatı
kimi təqdim edir. Hər iki istiqamət “Vətəndaş Müqaviləsi”nin
2025–2026-cı illər üçün siyasi proqramına daxil edilib və seçki
kampaniyasının mərkəzi elementi hesab olunur.
Vagarşapat seçkilərinin nəticələri göstərdi ki, bu arqumentlər
ən azı şəhər səviyyəsində işləyir. Bəzi prosedur pozuntuları qeyd
olunsa da, ciddi saxtakarlıq aşkarlanmadı, müxalifət də nəticəni
ümumilikdə qəbul etdi. Bu isə Ermənistan siyasətində nadir hadisə
idi: lokal seçkilər sistemin dağılmasının deyil, əksinə
sabitliyinin göstəricisinə çevrildi.
Bu dinamikanı nəzərə aldıqda, Paşinyan 2026-cı ilə iki mühüm
üstünlüklə daxil olur. O, həm siyasi vertikali, həm də böyük
bələdiyyələri nəzarətdə saxlayır. Müxalifət isə – informasiya
məkanında hay-küy yaratsa da – hələ də parçalanmış, xarici
aktorlardan asılı və pozitiv gündəm formalaşdırmaq iqtidarında
deyil. Onların yeganə taktiki vasitəsi qarşıdakı seçkiləri “kilsə
ilə hökumət arasında plebisitə”, “ənənə ilə modernləşmə arasında
mübarizəyə”, “Rusiya ilə Qərb arasında seçimə” çevirmək cəhdidir.
Lakin 2025-ci ilin Ermənistanı artıq 2018-ci ilin Ermənistanı
deyil: cəmiyyət daha praqmatik, korrupsiyaya qarşı daha həssas və
pafoslu şüarlara qarşı daha immunlaşıb.
Bu mənzərə Ermənistan üçün unikal vəziyyət yaradır. Uzun
illərdən sonra ilk dəfə hökumətin siyasi kursu hakimiyyəti saxlamaq
deyil, xaricdəki mərkəzlərin təzyiqindən, kilsə təsirindən və
kriminal elitalardan asılı olmayan dövlət modeli qurmaq üzərində
qurulub. Bu modeldə Paşinyan üçün əsas məsələ təkcə 2026-cı ildə
qalib gəlmək deyil, həm də revanş imkanını tam bağlamaqdır. Məhz
buna görə o, suverenliyə təhdid hesab etdiyi bütün strukturlara
ardıcıl təzyiq göstərir. Onun tərəfdarları bunu müstəqilliyin
möhkəmlənməsi, rəqibləri isə avtoritarizmə doğru addım kimi
qiymətləndirir. Amma faktlar, proseslərin məntiqi və seçki
nəticələri hələlik birinciləri haqlı göstərir.
Paşinyanın bu addımı siyasi nizamı faktiki olaraq yenidən
formalaşdırdı: kilsə mənəvi otoritetdən hökumətə qarşı əsas
müqavimət mərkəzinə çevrildi, baş nazir isə onunla ilk dəfə
kompromis tonunda deyil, siyasi rəqabət tonunda danışmağa başladı.
Ermənistan kimi ölkədə, harada ki, kilsə onilliklər boyu dövlətlə
yanaşı ikinci təsir mərkəzi olub, bu, 2025-ci ili köhnə sistemin
qırılma ili, dönüş nöqtəsi edir. Paşinyan bu məqamdan öz
strategiyasının təsdiqi kimi istifadə edir: əgər Eçmiədzin Köçəryan
klanları ilə, onlar isə Moskva şəbəkələri ilə bağlıdırsa, deməli,
siyasi mübarizə artıq hakimiyyət uğrunda deyil, suverenlik
uğrundadır. Bu çərçivə xüsusilə ona görə effektiv işləyir ki,
kilsənin ictimai rolu barədə təsəvvürlər dəyişir. Şəhər əhalisinin,
xüsusilə gənc nəsilinin əksəriyyəti Eçmiədzini mənəvi qaladan çox,
reallıqla əlaqəsini itirmiş, klan maraqlarına xidmət edən qapalı
korporasiya kimi görür. Vagarşapatda “Vətəndaş Müqaviləsi”nin
qələbəsi də bu narazılığın çoxdan yığıldığını və Paşinyanın onu
siyasi kapitala çevirməyi bacardığını göstərdi.
Bu fon Paşinyanın daxili məntiqini gücləndirir: “sabiqlər” artıq
siyasi rəqib deyil, ölkəni asılılıqda və korrupsiya bataqlığında
saxlamış sistemin qalığıdır. Onların qayıdışı dövlətin gələcəyi
baxımından qəbuledilməzdir. Elə buna görə 2025–2026-cı illərin
kampaniyasının mərkəzi tezisi də budur. Paşinyan “sabiqlər”in iki
dayağını – kriminal-biznes çevrələrini və kilsə strukturlarını –
ardıcıl zərbəyə məruz qoyur. Gümrü meri Vartan Qukasyanın həbsi bu
strategiyanın bir hissəsidir. Gümrü – hər zaman müxalifətin özünü
daha rahat hiss etdiyi şəhər olub, Qukasyanın 2025-ci ilin martında
qələbəsi Köçəryan dairələri tərəfindən “köhnə Ermənistanın
qayıdışı” kimi təqdim edilirdi. Lakin Antikorrupsiya Komitəsinin
başlatdığı istintaq bu ssenarini dağıtdı. Rüşvət və sənəd
saxtalaşdırması ittihamı – köhnə sistemin simvolu – “vicdanlı
revanşistlər” mifini darmadağın etdi. Qalmaqal o qədər böyüdü ki,
hətta bəzi mülayim müxalifətçilər də ondan uzaqlaşmaq
məcburiyyətində qaldılar. Hökumət isə bu hadisəni cərrahi
dəqiqliklə istifadə etdi: Qukasyan “keçmişlər”in qayıdışının
avtomatik olaraq korrupsiyanın qayıdışı demək olduğunu göstərən
nümunəyə çevrildi.
Burada Paşinyanın siyasi düşüncə tərzi mühümdür. O, müxalifəti
fenomen kimi yox, sistem kimi aradan qaldırır – yəni klanlıq, kilsə
təzyiqi, kriminal əlaqələr və xarici asılılıq üzərində qurulmuş
köhnə modelin sökülməsi. Bu mənada 2025-ci ilin mübarizəsi konkret
şəxslərə qarşı deyil, onun hakimiyyətə gəlməsindən iki onillik
əvvəl qurulmuş siyasi memarlığa qarşı aparılır. Paşinyan cəmiyyətə
göstərmək istəyir ki, 2026-cı ildə seçim təkcə partiyalar arasında
deyil, gələcəklə keçmiş, dövlətçiliklə asılılıq arasında olacaq.
Buna görə də xarici siyasət, xüsusilə Azərbaycanla sülh prosesi və
ABŞ ilə tərəfdaşlıq, onun kampaniyasının ön planına çıxır.
2025-ci il avqustun 8-də Ağ Evdə imzalanmış saziş – Ermənistanda
“Tramp marşrutu” adlandırılan layihə – hökumət üçün əsas siyasi
resursa çevrilib. Bu saziş Paşinyana müharibə yox, gələcək, risk
yox, imkanlar haqqında danışmaq imkanı verir. Nəqliyyat xərclərini
azaldan, regionla kommunikasiyanı bərpa edən və ölkəni qapalı
vəziyyətdən tranzit mərkəzinə çevirən bu marşrut “Vətəndaş
Müqaviləsi”nin daxili diskursunun dayaqlarından birinə çevrilib.
Cəmiyyətin bir hissəsi üçün bu, yeni dövrün başlanğıcı, “sabiqlər”
üçün isə ölüm hökmüdür. Çünki onların siyasi kimliyi məhz qorxu və
qarşıdurma üzərində qurulmuşdu. Ermənistanın Rusiya asılılığını
real şəkildə azaltmaq imkanı yarandığı şəraitdə hər cür revanşist
ritorika artıq təhlükə kimi qəbul olunur.
ABŞ ilə əməkdaşlıq isə Paşinyanın daxili kampaniyasının ikinci
mərkəzi xəttidir. Ermənistan son otuz ildə ilk dəfə çoxvektorlu
siyasəti bəyan etməklə kifayətlənmir, faktiki olaraq bir konkret
qüvvə ilə strateji tərəfdaşlığa keçir – təhlükəsizliyinə və ərazi
bütövlüyünə real zəmanət verən qüvvə ilə. Bu, nə Moskvaya, nə
kilsə-klan dairələrinə, nə də prorusiya mediaya xoş gəlir. Amma
Paşinyan üçün bu, yeni legitimlik mənbəyidir: əgər ABŞ bu kursu
dəstəkləyirsə, deməli, istiqamət doğrudur.
Bütün bu amillərin – bələdiyyə qələbələrinin, kilsə
strukturlarına qarşı siyasi hücumun, xarici təzyiqin nümayişinin və
yeni tərəfdaşlığın formalaşmasının – birləşməsi Paşinyana 2026-cı
il üçün unikal üstün start vəziyyəti yaradır. O, seçki ilinə siyasi
vertikal üzərində tam nəzarətlə, yerli səviyyədə ciddi uğurlarla və
daxili ziddiyyətlərdən dağılmış, xarici mərkəzlərə bağlı
müxalifətlə girir. Ən başlıcası isə – ictimai əhval-ruhiyyə
emosional ritorikadan praqmatik təfəkkürə keçib. İnsanlar artıq
“xilas” şüarlarına deyil, iqtisadi proqnozlara, nəqliyyat
marşrutlarına, asılılığın azalmasına və beynəlxalq vəziyyətin
yaxşılaşmasına reaksiya verirlər. Yəni ideologiyaya deyil,
faktlara.
Məhz buna görə də hazırkı mərhələ Ermənistanda dönüş nöqtəsinə
çevrilib. Paşinyan ölkəni elə bir vəziyyətə gətirib ki, siyasi
rəqabət artıq xarizma savaşı deyil, strategiyalar savaşıdır. Amma
strategiya yalnız bir tərəfdə var. Müxalifət isə hələ də köhnə
ittihamları təkrarlamaqdan, kilsəyə istinad etməkdən, konservativ
qorxular üzərindən oynamaqdan və Moskvanın media resurslarından
faydalanmaqdan o tərəfə keçə bilmir. Lakin keçmiş sxemlərdən bezmiş
ölkədə bununla seçki qazanmaq artıq mümkün deyil. Paşinyan isə
əksinə, elə bir model təklif edir ki, bu modeldə Ermənistan obyekt
yox, subyektə çevrilir. O, hər fürsətdən istifadə edərək göstərir:
2026-cı il köhnə sistemdən qəti imtinanın ili olmalıdır.
Beləcə, Paşinyan siyasi mübarizəni emosional səviyyədən rasional
müstəviyə keçirir. O, müxalifətə elə bir gündəm diktə edir ki,
orada “xilas” qışqırmaq yox, konkret həllər təklif etmək tələb
olunur. Amma revanşistlərin təklifi yoxdur. Onların yeganə silahı
qorxudur, lakin 2023-dən sonra Ermənistan artıq qorxuya əvvəlki
kimi reaksiya vermir. İnsanlar illərlə “güc elitalarının”
vədlərinin nəyə gətirib çıxardığını gördülər. Onlar görürlər ki,
Moskva artıq regiona qayıtmır. Hətta kilsə belə emosional
çağırışlardan başqa heç nə təklif edə bilmir.
Məhz buna görə də Paşinyan özünü inamla aparır. O, başa düşür
ki, əgər situasiya bu axarla davam etsə, 2026-cı ildə onun real
şansı var – təkcə seçkiləri qazanmaq deyil, həm də “keçmişlər”
sistemini birdəfəlik sökmək. Bu, Ermənistan müstəqilliyinin otuz
ili ərzində heç kimə nəsib olmayan nəticədir.

