
Astana. Trend:
Çin Dəmir Yollarının “China Railway Container Transport” (CRCT)
şirkəti vasitəsilə Qazaxıstan, Azərbaycan və Gürcüstan dəmir
yollarının birgə yaratdığı Middle Corridor Multimodal Ltd
müəssisəsinə qoşulması haqqında saziş imzalanıb.
Trend Qazaxıstan
Dəmir Yollarında (QDY) istinadən xəbər verir ki, imzalanma mərasimi
Sian şəhərində “Çin-Avropa” dəmiryolu marşrutu üzrə beynəlxalq
əməkdaşlığın II Forumu çərçivəsində baş tutub.
Forumda çıxış edən QDY-nin İdarə Heyətinin sədri Talğat
Aldıberqenov qeyd edib ki, marşrutun inkişafına Qazaxıstan və Çin
liderləri böyük önəm verirlər.
O əlavə edib ki, bundan əvvəl Qazaxıstan Prezidenti Kasım-Jomart
Tokayev və Çin Xalq Respublikasının Sədri Si Cinpin öz çıxışlarında
“Çin-Mərkəzi Asiya-Avropa” marşrutu üzrə əlaqələrin
gücləndirilməsini vurğulayıblar. Bu isə ölkələrin ümumi strateji
maraqlarına uyğun olmaqla, dayanıqlı ticarət və artım üçün yeni
imkanlar açır.
Xatırladaq ki, “Middle Corridor Multimodal Ltd” Orta Dəhliz üzrə
tranzit daşımalarının inkişafı və səmərəliliyinin artırılması
məqsədilə Azərbaycan, Gürcüstan və Qazaxıstanın dəmir yolu
şirkətləri tərəfindən yaradılmış birgə müəssisədir.

