Xəzər dənizində su səviyyəsinin enməsinin 15-20 il davam edəcəyi gözlənilir – Coğrafiya İnstitutu

Baş səhifə

Bakı. Trend:

Xəzər dənizi bəzi ərazilərdə 100 metr, 150 metr, 200 metr
çəkilib. Qızılağac körfəzi ərazisində isə Xəzər 2 kilometrə qədər
çəkilib. Bu prosesin 15-20 il də davam edəcəyi gözlənilir.

Bunu Trend
açıqlamasında Coğrafiya İnstitutunun Xəzər dənizi sahillərinin və
dibinin geomorfologiyası şöbəsinin müdiri, coğrafiya elmləri
doktoru, professor Əmir Əliyev bildirib.

“Son bir əsrdə Xəzərin səviyyəsində 3 dəfə kəskin dəyişiklik
olub. Birinci dəfə 1930-cu ildən 1977-ci ilə qədər dənizin
səviyyəsi 3.2 metrə qədər aşağı düşmüşdü. 1978-ci ildən 1995-ci ilə
qədər dənizin səviyyəsi 2.5 metr qalxıb.1996-cı ildən bugünə qədər
isə Xəzər dənizinin səviyyəsi 2.1 metrə qədər aşağı düşüb.

Xəzərin ən mühüm xüsusiyyəti su səviyyəsinin həmişə dəyişkən
olmağıdır. Son dəfə 1805-ci ildə Xəzərin səviyyəsi yüksək olub.
Hesablamalar göstərir ki, bu proses təxminən 2040-2050-ci illərə
qədər davam edəcək. Ondan sonra yeni proseslər Xəzərin səviyyəsinin
qalxmasına səbəb olacaq”.

Əmir Əliyev vurğulayıb ki, Xəzərin səviyyəsinin düşməsi
Azərbaycan ərazisində əsasən gəmiçilik təsərrüfatına, balıqçılığa,
neft-qaz sənayesinə və kənd təsərrüfatına böyük təsir edir.

“1978-ci ildən 1995-ci ilə qədərki dövrdə dəniz səviyyəsinin 2.5
metr yüksəlməsi zamanı Azərbaycan sahil zonasında 50 min hektara
yaxın torpaq suyun altında qalmışdı. Həmin vaxt təsərrüfatlara
dəyən ziyanın miqdarı 2 milyard amerika dolları olmuşdu. Hazırda
həmin su altda qalan ərazilər suyun altından çıxır. Təxminən 80
faiz ərazi suyun altından çıxıb. Qeyd etmək lazımdır ki, bu
prosesdə ən intensiv subasma Azərbaycanın cənub ərazilərinin payına
düşmüşdü.




Xəzər dənizində su səviyyəsinin azalmasının əsas 3 səbəbi var:
İqlim dəyişiklikləri – bu, təxminən 75-80 faizini təşkil edir;
Antropogen təsirlər – 10-15 faiz; Yerdə qalanı isə tektonik
proseslərin payına düşür.

Son illərdə Xəzər dənizinin səviyyəsi düşmə mərhələsindədir və
bu, təbii prosesdir. Əsas səbəb dənizin su balansının dəyişməsidir.
Xəzər dənizinin su balansını iqlim parametrləri təyin edir. Gəlir
hissəsini çay suları, dənizin birbaşa səthinə yağan yağıntılar,
yeraltı sular, məxaric hissəsini isə dəniz səthində gedən
buxarlanma və Qaraboğazqol körfəzinə gedən axınlar təşkil edir.

Hazırda Xəzər dənizinə gələn suyun 80 faizini Volqa çayı
gətirir. Volqa çayının suyunun formalaşmasında Şimali Atlantika
üzərində yaranan siklonlar və anti-siklonlardır.

İkinci səbəb antropogen təsirlərdir. Burda əsasən Xəzərə gələn
Volqa çayının suyundan əvəzsiz götürmələrdir. Son illərdə bu
götürmələrin miqdarı ildə 40 kubkilometrə çatır.

Bu sular əsasən içmək üçün götürülür. Xəzərə gələn Volqa çayının
hövzəsində təxminən 120 milyon əhali yaşayır. Bu əhalinin suya,
kənd təsərrüfatına olan tələbatı Volqa çayının hesabına ödənilir.
Son illərdə bu ərazilərdə enerji istehsal edən su elektrik
stansiyalarının qurulması da prosesə təsir edir. Eyni zamanda,
kiçik stansiyalar üçün su anbarları da tikilir. Bütün bunlar Xəzər
dənizinə tökülməli olan Volqa suyunun azalmasına səbəb olur.

Dünyada gedən qlobal istiləşmə də Xəzərdə dəniz suyunun
temperaturunu artırır, nəticədə buxarlanmanın artmasına səbəb olur.
Buxarlanmanın artması, Xəzərə gələn suların azalması Xəzər
dənizinin son 20 ildə səviyyəsinin düşməsinə səbəb olub. Bu, ildə
təxminən 15-20 santimetr deməkdir. Qeyd etdiymiz kimi, Xəzərin
səviyyəsinin enməsi periodik prosesdir. Prosesin
qanunauyğunluqlarını bilməklə Xəzər dənizi ilə harmoniyada yaşamaq
lazımdır”.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir