
Bakı. Trend:
Azərbaycan Respublikasının Prezidenti Administrasiyasının və
Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində
məsələlərin mərkəzləşdirilmiş qaydada həlli ilə bağlı Əlaqələndirmə
Qərargahının rəhbəri Samir Nuriyevin sədrliyi ilə Zəngilan
şəhərində Qərargahın 5 illik fəaliyyətinə həsr olunmuş iclası
keçirilib.
Trend xəbər
verir ki, iclasda çıxış edən Samir Nuriyev dövlətimizin başçısının
birbaşa rəhbərliyi ilə işğaldan azad edilmiş ərazilərə “Böyük
Qayıdış” Proqramının gerçəkləşdirildiyini bildirib.
Onun sözlərinə görə, Qarabağın və Şərqi Zəngəzurun bərpası və
yenidən qurulması istiqamətində həyata keçirilən genişmiqyaslı
işlər postmünaqişə dövründə tətbiq edilən ən sistemli və sürətli
yenidənqurma modellərindən biri kimi beynəlxalq təcrübə üçün mühüm
nümunədir.
Sonra iclasın gündəliyinə uyğun olaraq, “Azərbaycan
Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa
dair I Dövlət Proqramı”nın icrası çərçivəsində işğaldan azad
edilmiş ərazilərdə yaşayış məntəqələri üzrə həyata keçirilən işlər
barədə məlumatlar təqdim edilib.
Əlaqələndirmə Qərargahının üzvlərinin səfəri davam edir.

