
Bakı. Trend:
Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA)
təşkilatçılığı və Quba Rayon İcra Hakimiyyətinin dəstəyi ilə
rayonda fəaliyyət göstərən sahibkarlarla görüş keçirilib. Tədbirə
kənd təsərrüfatı, intensiv bağçılıq, turizm, sənaye, xidmət,
ticarət, ictimai-iaşə, arıçılıq və s. sahələrdə fəaliyyət göstərən
sahibkarlar, eləcə də dövlət qurumlarının nümayəndələri, ümumilikdə
100-dən çox iştirakçı qatılıb.
Trend xəbər
verir ki, görüşdə Quba Rayon İcra Hakimiyyətinin başçısı İlqar
Mahmudov, Milli Məclisin deputatı Əlibala Məhərrəmzadə və KOBİA-nın
İdarə Heyətinin sədri Orxan Məmmədov sahibkarlıq fəaliyyəti, bu
sahədə qanunvericilik, dövlət dəstəyi mexanizmləri vasitəsilə
rayonun biznes imkanlarının reallaşdırılması ilə bağlı fikirlərini
bölüşüblər. Bildirilib ki, Quba rayonu əsasən meyvəçilik və
bağçılıq üzrə ixtisaslaşıb. Rayonda son illər emal müəssisələrinin
yaradılması, turizm və xidmət sektorunun genişlənməsi müşahidə
edilir. KOBİA da bütün regionlarda olduğu kimi Qubada sahibkarlığın
inkişafına öz mandatı çərçivəsində dəstək göstərir. Rayonun
iqtisadi üstünlüklərindən yararlanmaqla sahibkarlar meyvə və
giləmeyvə əsaslı məhsullarda yerli brend formalaşdıra, bölgənin
turizm potensialından istifadə etməklə aqroturizm və ekoturizm
sahəsində yeni təşəbbüslər irəli sürə bilərlər. Həmçinin səmərəli
modellərin tətbiqi, enerjiyə qənaət və yaşıl texnologiyaların
biznes proseslərinə daxil edilməsi sahibkarlıq üçün faydalı
olacaqdır. Dövlətin dəstək mexanizmləri barədə məlumatlı olmaq,
güzəştli maliyyələşmə, ixrac və digər proqramlardan faydalanmaqla
rayonun potensialına uyğun yeni biznes istiqamətlərinin
araşdırılması da biznes üçün faydalıdır.
Sonra görüşdə iştirak edən sahibkarların təklifləri dinlənilib,
meyvə-tərəvəz məhsullarının satışına, emal müəssisələrinin
yaradılmasına, kənd təsərrüfatı məhsullarının saxlanması üçün kiçik
həcmli soyuducuların alınmasına və arıçılıq təsərrüfatı üçün torpaq
sahəsinin icarəyə götürülməsinə dəstək, aqroturizm, suvarma,
tingçilik, infrastruktur məsələləri və s. ilə bağlı müzakirələr
aparılıb, biznes subyektlərinin sualları cavablandırılıb.

