
Bakı. Trend:
17 Noyabr – Milli Dirçəliş Günündə Azərbaycanın Türkiyədəki
Səfirliyinin təşəbbüsü və “PAŞA Həyat Sığorta” ASC-nin sponsorluğu
ilə “Taşları Toplama Zamanı” kitabının türk dilində nəşrinin Gazi
Universitetində təqdimat mərasimi baş tutdu.
Trend xəbər verir ki, tədbirdə PAŞA Həyat-ın İdarə Heyətinin
sədri Ülviyyə Cabbarova, İRS nəşriyyat evinin baş redaktoru Musa
Mərcanlı, Azərbaycanın Türkiyədəki səfiri Rəşad Məmmədov, Gazi
Universitetinin Rektor köməkçisi Prof. Dr. Necdet Hayta,
professor-müəllim heyəti və tələbələr iştirak ediblər.
PAŞA Həyat-ın İdarə Heyəti sədri Ülviyyə Cabbarova çıxışında
Azərbaycan və Türkiyə arasındakı münasibətlərin əsasında Bir
millət, iki dövlət fəlsəfəsinin dayandığını vurğulayıb. O qeyd edib
ki, bu qardaşlıq bağları təkcə siyasi və iqtisadi deyil, həm də
mədəni və mənəvi dəyərlər üzərində qurulub.
Təqdim etdiyimiz “Taşları Toplama Zamanı” kitabı Qərbi
Azərbaycanda illər boyu dağıdılmış, izləri silinmiş memarlıq
abidələrini, dini məkanları, tarixi yaşayış yerlərini və sənədli
sübutları bir araya gətirir. Qərbi Azərbaycana dair toplanmış
materiallar xüsusilə önəmlidir. Çətinliklərə rəğmən, vaxtilə
azərbaycanlıların yaşadığı onlarla kənd sənədləşdirilmiş, foto və
faktoloji sübutlar toplanmışdır. Bu materiallar həmin torpaqların
xalqımıza məxsus qədim yurd yeri olduğunu bir daha təsdiqləyir.

