
Bakı. Trend:
Noyabrın 18-də Bakıda Beynəlxalq Münasibətlərin Təhlili
Mərkəzinin (BMTM) təşkilatçılığı ilə Azərbaycan-ABŞ Beyin
Mərkəzlərinin birinci Forumu keçirilib.
Trend xəbər verir ki, “Ortaq
Baxışlar: Strateji Tərəfdaşlıq naminə Azərbaycan-ABŞ dialoqu”
mövzusuna həsr edilən Azərbaycan-ABŞ Beyin Mərkəzlərinin 1-ci
Forumunda “Vaşinqton sammitinin qiymətləndirilməsi: ABŞ-Azərbaycan
münasibətlərinə təsirləri”, “Vaşinqton sammitindən sonra
Ermənistan-Azərbaycan sülh prosesi”, “Enerji təhlükəsizliyi və
bağlantılar” mövzularına həsr edilmiş sessiyalar təşkil edilib.
Tədbirdə Azərbaycan hökumətinin nümayəndələri, yerli beyin
mərkəzləri və Atlantik Şurası, Yeni Xəttlər İnstitutu, Hudson
İnstitutu, Mərkəzi Asiya-Qafqaz İnstitutu və “The National
Interest” jurnalı da daxil olmaqla Amerika beyin mərkəzlərinin
mütəxəssisləri iştirak ediblər.
Forumda 2025-ci il Vaşinqton sammitinin nəticələri, Ermənistan
və Azərbaycan arasında sülh prosesi və Azərbaycanın Mərkəzi Asiya
ilə Avropa arasında enerji, nəqliyyat və rəqəmsal texnologiyalar
sahəsində əlaqələndirici rol oynaması ilə bağlı müzakirələr
aparılıb.
İştirakçılar ölkələr arasında strateji tərəfdaşlığın
gücləndirilməsi imkanlarını, regional əməkdaşlığı və Avrasiyada
davamlı inkişafa, təhlükəsizliyə və iqtisadi inteqrasiyaya yönəlmiş
təşəbbüsləri müzakirə ediblər.
Forumda çıxış edən Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin
sədri Fərid Şəfiyev bildirib ki, avqustun 8-də Azərbaycanla
Ermənistan arasında razılaşmaların imzalanması Cənubi Qafqazda
sabitlik, sülh, təhlükəsizlik və əməkdaşlıq üçün yeni zəmin
yaradır.
O, mövcud vəziyyətin sülhün, iqtisadi əməkdaşlığın və
təhlükəsizliyin birləşdirilmiş platformasını yaratmaq şansı
verdiyini vurğulayıb.
F. Şəfiyevin sözlərinə görə, hazırkı görüş Azərbaycan və ABŞ
ekspert icmaları arasında bu formatda keçirilən ilk təşəbbüs olub
və əsas regional məsələləri müzakirə etmək üçün mühüm imkan
yaradıb.
BMTM sədri vurğulayıb ki, bölgə cəmiyyətləri arasında etimadın
bərpası və ünsiyyətin qurulması zərurətini xüsusi vurğuladı. O,
ekspert dialoqunun dayanıqlı sülhün formalaşması üçün zəmin
yaradacağına ümid etdiyini bildirdi.
O həmçinin, Azərbaycanın analitik icması üçün ABŞ beyin
mərkəzlərinin iş təcrübəsi faydalı olacağını vurğulayıb və ABŞ
ekspertlərini tövsiyələrin mübadiləsinə və birgə tədqiqatlara dəvət
edib.
Öz növbəsində ADA Universitetinin rektoru, Azərbaycanın ABŞ-dəki
keçmiş səfiri Hafiz Paşayev deyib ki, ABŞ-nin aparıcı beyin
mərkəzləri ilə əməkdaşlıq təcrübəsi Azərbaycanın diplomatik
məktəbinin formalaşmasında və Bakı ilə Vaşinqton arasındakı
ikitərəfli münasibətlərin inkişafında mühüm rol oynayıb.
Hafiz Paşayev qeyd edib ki, Vaşinqtonda diplomatik fəaliyyətinin
ilk illəri onun peşəkar formalaşmasına həlledici təsir göstərib. O
vurğulayıb ki, “K Street”də yerləşən Strateji və Beynəlxalq
Araşdırmalar Mərkəzi (CSIS) kimi ABŞ beyin mərkəzlərinin işini özü
üçün “həqiqi universitet” hesab edib.
“Bu, mənim üçün real diplomatiya məktəbi idi. Bacardığım qədər
çox tədbirlərdə iştirak etməyə çalışırdım, belə ki, həmin
institutlarda müzakirələr aparılırdı, o müzakirələrdən çox şey
öyrənmək mümkün idi”, – deyə o bildirib.
ADA Universitetinin rektoru həmçinin xatırladıb ki, 1990-cı
illərin əvvəlində Azərbaycan diplomatiyasının əsas vəzifələrindən
biri ABŞ ictimaiyyətinə ölkə barədə obyektiv məlumatları çatdırmaq
idi. Onun sözlərinə görə, səfirliyin fəaliyyəti və “ABŞ-Azərbaycan”
Ticarət-Sənaye Palatasının yaradılması bu işin mühüm hissəsini
təşkil edib.
Hafiz Paşayev gənc Azərbaycan diplomatlarının hazırlanmasında
Amerika beyin mərkəzlərinin rolunu xüsusi vurğulayaraq qeyd edib
ki, onların tədbirlərində iştirak ABŞ-nin spesifikasını və
Vaşinqtonda qərar qəbuletmə prosesinin xüsusiyyətlərini daha yaxşı
anlamağa imkan verirdi.
Mərkəzi Asiya ilə əməkdaşlıqdan danışan Hafiz Paşayev bildirib
ki, region ölkələrinin aktiv qarşılıqlı fəaliyyəti ilə bağlı
ideyalar artıq uzun illərdir təşviq olunur. O xatırladıb ki, hələ
1996-cı ildə professor Fred Starrın dəvəti ilə Mərkəzi Asiya
İnstitutunun yaradılmasına həsr olunmuş tədbirdə çıxış edib və
institutun adına Qafqazın da əlavə olunmasını təklif edib – bu
fikir dəstəklənib.
“Bu gün Mərkəzi Asiya dövlətləri ilə Azərbaycanı birləşdirən
C5+1 formatı həmin yanaşmaların aktuallığını göstərir və regional
əməkdaşlıq üçün yeni imkanlar açır”, – deyə H.Paşayev
vurğulayıb.
Daha sonra ADA Universitetinin prorektoru, Milli Məclisin
deputatı Fariz İsmayılzadə çıxışında əlavə edib ki, Azərbaycan bu
gün ABŞ-nin və beynəlxalq ictimaiyyətin mühüm strateji tərəfdaşına
çevrilərək iqtisadi, texnoloji və siyasi əməkdaşlığı genişləndirir,
eləcə də regionda öz suverenliyini və təsirini gücləndirir.
O qeyd edib ki, ABŞ ilə münasibətlərin fəallaşmasının yeni
mərhələsi müşahidə olunur və bu, son zamanlar artan səfərlərdə və
iqtisadiyyatın müxtəlif sektorlarında ikitərəfli dialoqun
genişlənməsində özünü göstərir.
“Bu gün biz ABŞ-nin Azərbaycana artan marağını və əməkdaşlığın
texnologiyalar, investisiyalar və yeni iqtisadi sahələrin inkişafı
da daxil olmaqla müxtəlif istiqamətlərdə dinamik şəkildə
irəlilədiyini görürük”, – deyə o vurğulayıb.
Prorektorun sözlərinə görə, ölkə tarixinin mühüm bir mərhələsinə
qədəm qoyur: neft gəlirləri artıq inkişafın əsas mənbəyi olmaqdan
çıxır və diqqət iqtisadiyyatın modernləşdirilməsi,
texnologiyaların, logistikanın və innovativ sahələrin inkişafına
yönəlir. Aktiv xarici siyasət və beynəlxalq platformalarda iştirak
isə Azərbaycanın müstəqilliyini, regional liderliyini və ABŞ də
daxil olmaqla qlobal tərəfdaşlar üçün əhəmiyyətini gücləndirməyə
imkan verir.
F.İsmayılzadə yaxın vaxtlarda imzalanmış sənədlərin və
ikitərəfli təmasların fəallaşmasının ölkələr arasında
münasibətlərdə yeni bir səhifə açacağına və regionda sülhün və
sabitliyin möhkəmləndirilməsi üçün imkanlar yaradacağına əminlik
ifadə edib.
ABŞ-nin Özbəkistan və Ukraynadakı keçmiş səfiri, “Atlantic
Council” Avrasiya siyasi mərkəzinin direktoru Con Herbst isə qeyd
edib ki, C5+1 formatının genişləndirilməsi və Azərbaycanın yeni
regional əməkdaşlıq arxitekturasına daxil edilməsi həm Mərkəzi
Asiya, həm də Cənubi Qafqaz üçün mühüm strateji hadisə olacaq.
Herbst xatırladıb ki, iki həftə əvvəl Vaşinqtonda ABŞ–Mərkəzi
Asiya (C5+1) formatında tarixdə ilk Prezident sammiti keçirilib və
bundan bir həftə sonra Daşkənddə beş Mərkəzi Asiya ölkəsi
Azərbaycanın dövlət başçılarının məşvərət görüşləri formatına
tamhüquqlu iştirakçı qismində qoşulması barədə razılığa gəlib.
“Bu, regional əlaqələri möhkəmləndirən və əməkdaşlıqda yeni bir
mərhələ açan mühüm addımdır”, – deyə o qeyd edib.
Onun sözlərinə görə, ABŞ administrasiyasının bu gün Mərkəzi
Asiyaya marağı Cənubi Qafqaza artan diqqətlə üst-üstə düşür ki, bu
da gələcəkdə C6+1 formatının yaranmasını məntiqli və vaxtında
atılmış addım edir.
O həmçinin bildirib ki, “Atlantic Council” ekspert görüşləri
formatını institusionallaşdırmağı planlaşdırır və bu görüşlər hər
il keçirilən C5/C6+1 siyasi sessiyaları ilə paralel təşkil
olunacaq.
“Biz artıq bu işə başlamışıq: ilk analitik konfrans C5+1
sammitindən bir gün sonra Vaşinqtonda keçirildi. Və planlaşdırırıq
ki, C6+1 ölkələri ali səviyyədə toplandığı hər dəfə bu cür
tədbirlər təşkil edək”, – deyə o vurğulayıb.
Herbst əlavə edib ki, Azərbaycanın gələcək formatda iştirakı
ABŞ, Bakı və Mərkəzi Asiya ölkələri arasında siyasi və ekspert
əməkdaşlığının dərinləşdirilməsi üçün yeni imkanlar yaradır.
“New Lines Institute”un Avrasiyada təhlükəsizlik və rifah
məsələləri üzrə baş direktoru Kamran Bokhari də çıxış edərək
vurğulayıb ki, Azərbaycan və Ermənistan arasında sülhün
möhkəmləndirilməsi strateji nəqliyyat təşəbbüslərinin, o cümlədən
TRIPP (The Trump Route for International Peace and Prosperity)
layihəsinin həyata keçirilməsi üçün şərait yaradacaq.
Bokhari qeyd edib ki, regionda qüvvələr balansı dəyişib və bu
gün Cənubi Qafqazın sabit və işlək tranzit marşrutuna çevrilməsi
üçün əsas amil məhz siyasi tənzimlənmədir.
“Bakı və İrəvan arasında sülhün möhkəmləndirilməsi, Cənubi
Qafqazın tamhüquqlu şərq–qərb dəhlizinə çevrilməsi imkanını açır.
Davamlı sülh olmadan Transxəzər logistikasının və bütün Orta Dəhliz
infrastrukturunun normal fəaliyyətini təmin etmək mümkün deyil”, –
deyə o bildirib.
Onun sözlərinə görə, Vaşinqton avqustun 8-də keçirilən görüşdən
sonra TRIPP-in inkişafını dəstəkləməklə, regionun uzunmüddətli
sabitliyi və əlaqəliliyi ilə bağlı marağını nümayiş etdirib.
“TRIPP ABŞ-nin Avrasiya strategiyasının mühüm elementi ola
bilər, lakin onun gerçəkləşməsi yalnız möhkəm sülh şəraitində
mümkündür. Eyni sözlər Orta Dəhlizə də aiddir: şərqi Ermənistan,
Naxçıvan Muxtar Respublikası və Türkiyə arasındakı hissədə
təhlükəsizlik təmin olunmadan onun potensialı məhdud olaraq qalır”,
– ekspert vurğulayıb.
Forumda Cənubi Qafqaz Araşdırmalar Mərkəzinin (CSSC) təsisçisi
və rəhbəri Fərhad Məmmədov çıxışı zamanı bildirib ki, Vaşinqton
razılaşmaları və birgə bəyanatlar Azərbaycan və Ermənistan arasında
sülh prosesinin həyata keçirilməsində növbəti addımlar üçün aydın
istiqamətləri müəyyən edir, stabilliyi gücləndirir və region üçün
strateji üstünlüklər yaradır.
O qeyd edib ki, ABŞ-nin Bakı və İrəvan arasında vasitəçilik
prosesinə cəlb olunması və birgə bəyanatın həyata keçirilməsində
iştirakı 2020-ci il müharibəsinin əsas nəticələrinin – Azərbaycanın
ərazi bütövlüyünün bərpasının, davamlı sülhün təmin edilməsinin,
ikitərəfli münasibətlərin normallaşdırılması və regional
kommunikasiyaların açılmasının – tam gerçəkləşdirilməsinə yol
açır.
“Bu proseslər ABŞ-yə yeni regional nizamda öz nüfuzunu
təsdiqləmək və Cənubi Qafqazda sabit və təhlükəsiz arxitekturanın
yaradılmasında iştirak etmək üçün unikal imkanlar yaradır”, – deyə
F.Məmmədov vurğulayıb.
“New Lines Institute”un analitik inkişaf və tədris üzrə baş
direktoru Yucin Çausovski isə qeyd edib ki, ABŞ-nin Mərkəzi Asiya
və Cənubi Qafqazda yeni strategiyası diplomatik təşəbbüsləri
iqtisadi və enerji alətləri ilə birləşdirərək, ticarət və
investisiyanın təşviqinə şərait yaradır.
Onun sözlərinə görə, ABŞ xarici siyasətində tranzaksiya yönümlü
yanaşmanı fəal şəkildə tətbiq edir, diplomatik səyləri iqtisadi
alətlərlə, o cümlədən strateji sahələr üçün xüsusi əhəmiyyət kəsb
edən kritik minerallara və enerji resurslarına çıxış imkanları ilə
birləşdirir.
“Hazırda biz, ABŞ-nin iqtisadi və diplomatik fəaliyyətinin
strateji sahələr üçün kritik minerallara və enerji resurslarına
çıxışı təmin etməyə imkan verdiyini, həmçinin investisiya və
regional ticarət üçün yeni imkanlar açdığını görürük”, – deyə
Çausovski vurğulayıb.
O, həmçinin diplomatiyanın iqtisadi alətlərlə birləşdirilməsinin
rolunu qeyd edib: “Diplomatik təşəbbüslər iqtisadi alətlərlə, o
cümlədən kritik minerallara və enerji resurslarına çıxış imkanları
ilə dəstəkləndikdə, region ölkələrinə ABŞ-nin əməliyyat yönümlü
strategiyasından öz xeyirlərinə istifadə etməyə şərait
yaradır”.
Ekspert əlavə edib ki, belə bir strategiya regional
münaqişələrin aradan qaldırılmasına və Mərkəzi Asiyanın
uzunmüddətli iqtisadi inkişafı və qlobal ticarət şəbəkələrinə
inteqrasiyası üçün lazımı şəraitin yaradılmasına xidmət edir.
“The The Central Asia-Caucasus Institute” (CACI) institutunun
Avrasiya məsələləri üzrə baş elmi işçisi Con DiPirro vurğulayıb ki,
Cənubi Qafqaz beynəlxalq investisiyalar, enerji və nəqliyyat
sahələri üçün strateji mərkəzə çevrilir və ABŞ ilə Avropa İttifaqı
regionun sabitliyini və Orta Dəhlizin inkişafını fəal şəkildə
dəstəkləyir.
O vurğulayıb ki, regionda daha proqnozlaşdırıla bilən
arxitekturanın formalaşması üçün kompleks yanaşma vacibdir.
DiPirro Cənubi Qafqazın Avropa ilə Asiyanı birləşdirən körpü
kimi strateji rolunu və Orta Dəhliz üçün əsas əhəmiyyətini diqqətə
çatdırıb.
“Biz ABŞ-nin Cənubi Qafqazda daha sabit və daha dayanıqlı
regional arxitektura, eləcə də Orta Dəhlizin inkişafı ilə bağlı
artan marağını nümayiş etdirən konkret addımlar görürük”, – deyə o
bildirib.
Ekspert həmçinin, Türkiyə və Azərbaycanın yüksək iqtisadi və
strateji dayanıqlığa malik regional oyunçular kimi əhəmiyyətini önə
çəkib.
Onun sözlərinə görə, Ermənistanın Rusiyadan asılılığının
azalması, Türkiyə ilə münasibətlərin normallaşması və
Ermənistan–Azərbaycan arasında uzunmüddətli sülh prosesi ticarətin
genişlənməsi, enerji mənbələrinin şaxələndirilməsi və nəqliyyat
infrastrukturunun gücləndirilməsi üçün yeni imkanlar açır.

