
Bakı. Trend:
Beynəlxalq Elektrik Rabitə İttifaqı (BERİ) peyk texnologiyaları
və nəqliyyat dəhlizlərinin rəqəmsallaşdırılması sahəsində
Azərbaycanla əməkdaşlığa açıqdır.
Bunu Beynəlxalq Elektrik Rabitə İttifaqının Radiorabitə
Bürosunun (ITU Radiocommunications Bureau) direktoru Mario Manieviç
Bakıda keçirilən Ümumdünya Telekommunikasiya İnkişafı Konfransı
çərçivəsində Trend-ə
açıqlamasında bildirib.
Onun sözlərinə görə, büro radiotezlik spektri, peyk orbitləri,
mobil rabitə və simsiz kommunikasiya üzrə bütün əsas istiqamətlər
ilə məşğul olur.
“Biz hər bir ölkəyə, o cümlədən Azərbaycana rabitə sahəsində
layihələrini həyata keçirməkdə köməklik edirik və Azərbaycan həyata
keçirmək istədiyi istənilən layihədə dəstək göstərməyə hazırıq”, –
deyə büro direktoru bildirib.
Mario Manieviç Orta Dəhlizin rəqəmsallaşdırılmasında BERİ-nin
mümkün iştirakına dair sualı cavablandırarkən qeyd edib ki,
təşkilat artıq müasir nəqliyyat sistemləri, o cümlədən yüksək
sürətli marşrutlar və dəhlizlərlə işləyir.
Onun sözlərinə görə, 5G standartları artıq bir çox zəruri
imkanları təmin edir, gələcək 6G standartları isə mövcud texnoloji
boşluqları tam şəkildə aradan qaldıracaq.

