Maliyyə Nazirliyi ilə Koreyanın Fiskal İnformasiya Xidməti arasında Memorandum imzalanıb (FOTO)

Baş səhifə

Bakı. Trend:

Noyabrın 18-də Azərbaycan Respublikasının maliyyə naziri Sahil
Babayev Koreya Fiskal İnformasiya Xidmətinin (KFIS) prezidenti Seok
Ho Yoonun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Trend bu barədə
Maliyyə Nazirliyinə istinadən xəbər verir.

Qeyd olunub ki, görüşdə Azərbaycan ilə Koreya arasında maliyyə
idarəetməsi sahəsində əməkdaşlığın genişləndirilməsi imkanları, o
cümlədən ölkəmizdə yeni İnteqrasiya olunmuş Maliyyə İdarəetmə
İnformasiya Sisteminin (IFMIS) inkişafı, Koreyanın dövlət maliyyə
sistemi olan “dBrain+” və hökumət subsidiyalarının idarəetmə
sistemi olan “e-Naradoum” üzrə təcrübələrin öyrənilməsi barədə
müzakirələr aparılıb. Bu kontekstdə Koreya nümayəndə heyətinin
iştirakı ilə Maliyyə Nazirliyində IFMIS üzrə keçirilmiş birgə
seminarın əhəmiyyəti qeyd olunub.

Sahil Babayev Maliyyə Nazirliyində son dövrlərdə aparılan
genişmiqyaslı rəqəmsallaşma prosesləri haqqında məlumat verərək
Prezident İlham Əliyevin “Dövlət maliyyəsinin səmərəli idarə
edilməsinin təşkili ilə bağlı əlavə tədbirlər haqqında” Fərmanı ilə
maliyyə idarəetməsi sahəsində rəqəmsal islahatların daha da
sürətləndiyini və maliyyə idarəetmə arxitekturasının müasir
tələblərə uyğun şəkildə yenidən qurulduğunu qeyd edib.

Nazir Koreya təcrübəsinin bu proseslərdə praktiki əhəmiyyət
daşıdığını və innovativ, dayanıqlı maliyyə idarəetmə modellərinin
formalaşdırılmasına ciddi töhfə verəcəyinə əmin olduğunu
bildirib.




Görüşdə iki ölkə arasında maliyyə idarəetməsi sahəsində təcrübə
mübadiləsinin genişləndirilməsi, xüsusilə “dBrain+” təcrübəsi
əsasında proses və iş axınlarının təkmilləşdirilməsi, xarici vendor
asılılığının azaldılması istiqamətində bilik və texnoloji
transferin gücləndirilməsi, data əsaslı qərarvermə mexanizmlərinin
tətbiqi, audit və nəzarət infrastrukturunun, eləcə də
kibertəhlükəsizlik çərçivəsinin inkişaf etdirilməsi kimi gələcək
əməkdaşlıq istiqamətləri müzakirə olunub.

KFIS prezidenti Seok Ho Yoon Koreyanın IFMIS sahəsində təcrübə
və qabaqcıl texnoloji həllərin paylaşılması, eləcə də Azərbaycanın
rəqəmsal maliyyə informasiya sisteminin qurulmasına ölkəsinin
müvafiq qurumlarının dəstək göstərməyə hazır olduğunu bildirib.

Görüşün sonunda Azərbaycan Respublikası Maliyyə Nazirliyinin
Rəqəmsal Maliyyə Mərkəzi ilə Koreya Respublikasının Fiskal
İnformasiya Xidməti arasında Rəqəmsal Dövlət Maliyyə İnformasiya
Sisteminin hazırlanması, tətbiqi və istismarı sahələrdə əməkdaşlıq
haqqında Anlaşma Memorandumu imzalanıb.

Memorandum birgə tədqiqat və texniki dəstəyin göstərilməsi,
kibertəhlükəsizlik, dayanıqlılıq və audit standartlarına uyğunluq
sahələrində təcrübənin öyrənilməsi, həmçinin təlim və təcrübə
proqramları vasitəsilə kadr potensialının gücləndirilməsini nəzərdə
tutur.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir