
Bakı. Trend:
Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda keçirilən İslam
Həmrəyliyi Oyunlarında güləş yarışına start verilib.
Azərbaycan Güləş Federasiyasından Trend-ə verilən məlumata görə, bu gün
yunan-Roma güləşi üzrə 4 çəkidə mübarizə baş tutub.
Nihat Məmmədli (60 kq) Komor adaları təmsilçisi Latuf Madiyə tam
üstünlüklə (11:0) qalib gəlsə də, 1/4 finalda son dünya
çempionatının gümüş medalçısı, özbəkistanlı dünya Alişer Qaniyevə
(0:3), bürünc medal görüşündə isə iranlı Əli Vəfaya (2:3) məğlub
olub.
Həsrət Cəfərov (67 kq) əfqanıstanlı Mohamed Aslam Zadəyə tam
üstünlüklə (9:0), qırğızıstanlı Razzak Beyşekeyevə 5:3, misirli
Mohamed Abdelrehimə isə 4:1 hesabıyla qalib gələrək finala
yüksəlib. Həlledici görüşdə iranlı olimpiya və dünya çempionu Səid
Esmailiylə qarşılaşan həmyerlimiz ilk hissəni 3:0 hesablı
üstünlüklə başa vurub. Ancaq görüşün bitməsinə 4 saniyə qalmış
rəqibin fəndinin qarşını ala bilməyən güləşçimiz yekunda 3:8
hesabıyla məğlub olub və İslam Həmrəyliyi Oyunlarında gümüş medalı
boynundan asıb.
Ülvü Qənizadə (77 kq) təsnifat mərhələsində iranlı Amir Abdiyə
(0:9) uduzub. O, təsəlliverici görüşdə tacikistanlı Həbibcan
Zuhurova 5:3 hesabıyla qalib gəlsə də, bürünc medal görüşündə
özbəkistanlı Abdulla Əliyevə sonuncu xal prinsipinə əsasən (2:2)
məğlub olub.
İslam Abbasov (87 kq) 1/4 finalda iranlı dünya çempionu
Qulamreza Faruxisenjaya (0:3), bürünc medal görüşündə isə
qırğızıstanlı Asan Janisova (0:9) uduzub.

