Akademik Musiqili Teatrda “Gülçöhrə və Əsgər” tamaşasının premyerası olub

Baş səhifə

Bakı. Trend:

Noyabrın 18-də Azərbaycan Dövlət Akademik Musiqili Teatrında
Xalq yazıçısı Kamal Abdullanın eyniadlı pyesinin motivləri əsasında
səhnələşdirilən “Gülçöhrə və Əsgər” tamaşasının premyerası olub.
Tədbirdə Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai
Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva, Arzu Əliyeva və
Alena Əliyeva iştirak edib, tamaşanı izləyiblər.

Trend xəbər verir
ki, “Gülçöhrə və Əsgər” ikihissəli musiqili dramı dahi Üzeyir
Hacıbəylinin “Arşın mal alan” əsərinin davamıdır.

Yeni səhnə əsərinin bəstəkarı Əməkdar incəsənət xadimi Cavanşir
Quliyev jurnalistlərə açıqlamasında tamaşaya fərqli yanaşma
olunduğunu diqqətə çatdırıb. “Bu əsər “Arşın mal alan”dan fərqli
olaraq xoşbəxt sonluqla bitmir. Süjet gözlənilməzdir və tamaşaçını
daim diqqətdə saxlayır. Bu səbəbdən həm maraqlı, həm də dəyərli
təcrübə oldu”, – deyə bəstəkar əlavə edib.

Həm “Arşın mal alan”, həm də “Gülçöhrə və Əsgər” tamaşalarında
Əsgər obrazının ifaçısı, Prezident mükafatçısı Səmədzadə Xasiyev
vurğulayıb ki, rolların ikisi də xarakterikdir. Yaradıcı heyətin
tamaşa üzərində uzun müddət çalışdığını bildirən aktyor deyib:
“Əsgərin musiqili komediyadakı şən və romantik tərəfi və yeni
əsərdəki dramatik taleyi aktyor kimi mənə geniş ifadə imkanları
yaradır. Bu rol üzərində işləmək həm məsuliyyətli, həm də yaradıcı
baxımdan dəyərlidir. Əsgər və Gülçöhrə tarixin qaranlıq və sərt
dönəmlərində yaşadıqları sarsıntılar fonunda bütöv bir dövrün
mənzərəsini yaradırlar. Əsgərin Sibirdə keçirdiyi məşəqqətli illər,
Gülçöhrənin isə ümidsizlik içində onu gözləməsi təkcə nakam sevgi
hekayəsi deyil, həm də bir xalqın yaddaşını, mübarizliyini və
sarsılmaz ruhunu əks etdirən bədii salnamədir”.




İkihissəli musiqili dramda Telli obrazını canlandıran Elnarə
Nağdəliyeva qeyd edib ki, o, mərhəmətli və şən qadındır. “Obrazın
daxili gücünü və yumşaq xarakterini tamaşaçıya çatdırmağa çalışdım.
Telli obrazı ağasına və xanımına sadiqliyi ilə seçilir. Bütün
gərginliyə, təhlükələrə və çətinliklərə baxmayaraq, o, xanımını və
bəyini tək qoymur, onlarla birlikdə İrana, İstanbula, sonra isə
Fransaya qədər uzanan çətin yola çıxır”, – deyə aktrisa əlavə
edib.

“Gülçöhrə və Əsgər”in tamaşaçısı, Əməkdar incəsənət xadimi
Məryəm Əlizadə səhnə əsərindən təsirləndiyini deyib: “Tamaşa
Azərbaycan Xalq Cümhuriyyəti dövründə baş verən siyasi və ictimai
hadisələri, xüsusilə bolşeviklərin ölkəmizə vurduğu maddi və mənəvi
zərbələrin acı nəticələrini incə ustalıqla əks etdirib. Gülçöhrə və
Əsgərin mürəkkəb taleyi tamaşada yüksək sənətkarlıqla təqdim olunur
və izləyicidə güclü emosional təəssürat yaradır”.

Tamaşanın quruluşçu rejissoru Əsgər Əsgərov, dirijoru Fəxrəddin
Atayev, baletmeysteri Nigar Şahmuradova, xormeysteri Vaqif
Məstanovdur.

Səhnə əsərində Əməkdar artistlər Əzizağa Əzizov, İlqar Salamov,
Prezident mükafatçıları Səmədzadə Xasiyev, Mehriban Zaliyeva,
Atilla Məmmədov, aktyorlar Faiq Mirzəyev, Gültac Əlili, Gülnarə
Abdullayeva, Elnarə Nağdəliyeva, İbrahim Əlizadə, Elçin İmanov,
Elxan İsmayılov, Əli Kərimov, Orxan Hüseynov, Kamil Cəfərov, Nicat
Həbibov, həmçinin xor və balet artistləri iştirak ediblər.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir