
Bakı. Trend:
Azərbaycanın rəqəmsal potensialına inanırıq və investisiyaları
artırmaqda qərarlıyıq.
Bunu Trend-ə bu
gün Bakıda keçirilən IX Beynəlxalq Bankçılıq Forumu çərçivəsində “Mastercard”ın Şərqi Avropa, Yaxın Şərq və Afrika regionunda
Xidmətlərin İnkişafı üzrə Baş mütəxəssisi Kutay Ak müsahibəsində
deyib.
O, “Mastercard” olaraq Azərbaycanın maliyyə və rəqəmsal
sektoruna dair fikirlərini bölüşüb: “Mastercard” olaraq Azərbaycana
investisiya qoymağa davam edirik. Ölkənin böyük rəqəmsal
potensialına inanırıq. Uzun illərdir bütün aparıcı brendlərlə
əməkdaşlıq edirik və Azərbaycanın rəqəmsallaşma prosesinə ciddi
dəstək vermişik. Qarşıda uzun, lakin çox perspektivli bir yol var.
Biz bu yolculuqda Azərbaycanın yanında olmağa və rəqəmsal inkişafı
sürətləndirən layihələrə imza atmağa davam edəcəyik”.
‘Mastercard” rəsmisi vurğulayıb ki, hazırda burada çoxsaylı yeni
xidmət və məhsullarını təqdim edirlər: “Bunlara kibertəhlükəsizlik
həlləri, idarəetmə konsaltinqi, eləcə də müxtəlif müştəri
seqmentlərinə – yüksək gəlir qrupundan tutmuş subprime seqmentinə
qədər – aid olan innovativ və inklüziv məhsullar daxildir. Yeni
həllərimizlə Azərbaycan bazarını daha da genişləndirməyə davam
edəcəyik”.
O, “Mastercard”ın Azərbaycana investisiya yatırımlarından da
danışıb: “Dəqiq rəqəmlər barədə yanlış yönləndirmə etmək istəmərəm.
Bu barədə ən doğru məlumatı ölkə müdürümüz verə bilər. Lakin bir
məqam tam bəllidir: “Mastercard” Azərbaycana çox inanır. Buradakı
bazarın daha da böyüyəcəyinə və yeni mərhələyə keçəcəyinə əminik.
Ona görə də illərdir ölkəyə güclü investisiya yatırırıq və bu
yatırımların daha da artacağına heç bir şübhəm yoxdur”.
Azərbaycanda nəqliyyat sektorunda “Mastercard” tətbiqi ilə bağlı
isə nümayəndə bunları qeyd edib: “Tranzit sahəsi üzrə layihələrimiz
mövcuddur. Yaxın dövrlərdə ictimai nəqliyyatda “Mastercard”
kartlarından istifadə etməklə gediş haqqının ödənilməsi üzrə
Azərbaycanın müvafiq qurumları arasında danışıqlar aparırıq”.
“Mastercard” olaraq əlavə dəyər yaradan xidmətlər üzrə müxtəlif
həllərin Azərbaycanda tətbiqini həyata keçiririk. Məsələn, “advanced” analitika, hədəflənmiş analitika həlləri, fərdi
(bespoke) idarəetmə konsaltinqi xidmətlərimiz artıq tərəfdaşlarımız
üçün əlçatandır. Bundan əlavə, bizim “on-behalf marketing services”
adlandırdığımız xüsusi marketinq platformamız var və
tərəfdaşlarımıza bu istiqamətdə dəstək göstəririk. Təhlükəsizlik
həlləri vertikalında isə, xüsusilə kiberəhlükəsizlik xidmətləri
vasitəsilə Azərbaycanın iqtisadiyyatına töhfə verməyi
hədəfləyirik”, – deyə Kutay Ak fikirlərini yekunlaşdırıb.

