
Bakı. Trend:
“Böyük Qayıdış” proqramı çərçivəsində işğaldan azad olunmuş
ərazilərimizin yenidən qurulmasına növbəti ildə büdcə xərclərinin
8,4 faizinə bərabər yaxud 3,5 milyard manat məbləğində vəsait
ayrılacaqdır.
Trend xəbər
verir ki, bunu maliyyə naziri Sahil Babayev Milli Məclisin bugünkü
plenar iclasında “Azərbaycan Respublikasının 2026-cı il dövlət
büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı deyib.
Nazir bildirib ki, 2020-ci ilin sonundan etibarən yenidənqurma
və quruculuq işlərinə hər il dövlət büdcəsinin imkanları səfərbər
edilərək cari ilin əvvəlinə 17,6 milyard manat vəsait
xərclənmişdir. Cari ilin sonuna isə bu xərclərin 22 milyard manata
çatması gözlənilir. 2026-cı ilin büdcə layihəsi və sonrakı üç il
üzrə xərclər çərçivəsi də ilk növbədə bu istiqamət üzrə maliyyə
təminatının yaradılmasını nəzərdə tutur.
S.Babayev qeyd edib ki, 2026-cı ilin dövlət büdcəsinin xərc
prioriteti kimi ilk sıralarda Böyük Qayıdışa dair I Dövlət Proqramı
durur. Bu, Prezident İlham Əliyev tərəfindən qarşımıza qoyulmuş ali
vəzifədir və büdcə imkanları artdıqca, ilk növbədə azad edilmiş
ərazilərdə quruculuq işlərini sürətləndirməli və insanların öz
doğma yurdlarına qayıdışını daha tez təmin etməliyik.

