
Bakı. Trend:
1 yanvar 2019-cu il ilə müqayisədə 1 noyabr 2025-ci il tarixinə
ölkədə aktiv vergi ödəyicilərinin sayı 2 dəfə artaraq 845 mini
ötmüşdür.
Trend xəbər
verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov Milli Məclisin
bugünkü plenar iclasında “Azərbaycan Respublikasının 2026-cı il
dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı
deyib.
Nazir bildirib ki, qeyri-neft-qaz özəl sektorda əmək haqlarının
tədricən, mərhələli şəkildə vergiyə cəlb edilməsinə dair təklif
verilmişdir. Belə ki, 2500 manatadək əmək haqları 2028-ci ildə
hətta 7% dərəcə ilə vergiyə cəlb olunsa belə, bu güzəştin tamamilə
ləğv olunduğu təqdirdə tətbiq olunmalı 14% dərəcə ilə müqayisədə
yenə də iki dəfə aşağıdır.
“İqtisadi artıma və biznesə vergi siyasətinin dəstəyi kifayət
qədər yüksəkdir. Ələt İqtisadi Zonası, işğaldan azad olunmuş
ərazilər, sənaye və texnologiya parkları, dövlət-özəl tərəfdaşlığı
layihələri, kənd təsərrüfatı sektoru və s. bu kimi istiqamətlərdə
çoxsaylı vergi güzəştləri qüvvədədir.
Növbəti büdcə paketində isə təkcə iki böyük güzəşt istiqamətini
göstərmək kifayətdir. Bunlar Naxçıvan Muxtar Respublikasının
sosial-iqtisadi inkişaf proqramı çərçivəsində vergi və sosial
sığorta güzəştlərinin tətbiqi və ƏDV məqsədləri üçün qeydiyyat
həddinin 200 min manatdan 400 min manatadək artırılmasıdır”, – deyə
o vurğulayıb.

