
Bakı. Trend:
Dövlət Dəniz və Liman Agentliyində (DDLA) Avstriya
Respublikasının Türkiyə, Azərbaycan və Gürcüstan üzrə xarici
iqtisadi əlaqələr nümayəndəsinin müavini Stefan Psota və
“Frequentis AG” şirkətinin regional satış meneceri Pierpaolo
Bettoni ilə görüş keçirilib.
Trend xəbər verir ki, bu
barədə RİNN məlumat yayıb.
Görüşdə dəniz üzgüçülüyünün təhlükəsizliyi, axtarış-xilasetmə
fəaliyyəti, dəniz naviqasiya avadanlıqlarının istismarı, eləcə də
Azərbaycanın ərazi sularında Gəmilərin Hərəkətini İdarəetmə Sistemi
(VTS) ilə bağlı görülən işlər barədə məlumat verilib. Həmçinin
DDLA-nın aidiyyəti dövlət qurumları ilə Xəzər dənizi üzrə
koordinasiyalı fəaliyyəti diqqətə çatdırılıb.
Həmçinin Azərbaycanın “Dəniz Naviqasiya Avadanlıqları üzrə
Beynəlxalq Təşkilat haqqında Konvensiya”ya (IALA) qoşulması barədə
məlumat verilib və VTS sistemlərinin beynəlxalq tələblərə uyğun
yenilənməsi məsələləri müzakirə olunub. Nümayəndə heyəti bu sahədə
müvafiq texniki ekspert dəstəyi göstərməyə hazır olduğunu
bildirib.
Görüşdə Avtomatik İdentifikasiya Sistemi (AIS) və Qlobal Dəniz
Fəlakəti və Əmniyyətli Rabitə Sistemi (GMDSS) üzrə əməkdaşlıq
imkanları, eləcə də təcrübə mübadiləsinin davam etdirilməsi barədə
razılıq əldə olunub.
DDLA-nın İdarə heyəti sədrinin müşaviri Habil Abbasov bildirib
ki, bu cür görüşlər təkcə qurumlararası əməkdaşlığın genişlənməsinə
deyil, həm də ölkələr arasında dostluq münasibətlərinin və
qarşılıqlı əməkdaşlığın daha da inkişafına mühüm töhfə verir.
Sonda nümayəndə heyəti DDLA-nın Gəmi Hərəkətinin İdarəedilməsi
Mərkəzinin fəaliyyəti ilə tanış olub.

