Valyuta əməliyyatlarında dollarlaşma bir il öncəki dövrlə müqayisədə azalaraq 28,5 %-ə enib – Taleh Kazımov

Baş səhifə

Bakı. Trend:

2025-ci ilin sonundan etibarən valyuta bazarında sabitlik davam
edəcək və ilin sonuna yaxın məzənnənin iqtisadi əsaslarla təxminən
6 faiz ətrafında formalaşacağı gözlənilir.

Trend xəbər
verir ki, bunu Mərkəzi Bankın sədri Taleh Kazımov Milli Məclisin
bugünkü plenar iclasında “Azərbaycan Respublikasının 2026-cı il
dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı
deyib.

O qeyd edib ki, 2025-ci ilin ötən dövründə neft və qeyri-neft
seqmentləri üzrə valyuta bazarına təsir edən tendensiyalar
balanslaşdırılıb ki, bu da məzənnə sabitliyini və qiymət
sabitliyinə dəstəyi təmin edib.

Taleh Kazımov bildirib ki, cari əməliyyatlar hesabının
profisitli qalması, iqtisadi gözləntilərin effektiv idarə edilməsi
valyuta bazarında tarazlığı gücləndirən əsas amillərdir. Onun
sözlərinə görə, 2022-ci ildən etibarən Mərkəzi Bank tərəfindən
həyata keçirilən ötürmə mexanizminin gücləndirilməsi ilə bağlı
islahatlar iqtisadiyyatda dollarlaşma səviyyəsinin azalmasına səbəb
olub. Belə ki, rezidentlərin valyuta əməliyyatlarında dollarlaşma
bir il öncəki dövrlə müqayisədə əhəmiyyətli şəkildə azalaraq 28,5
faizə enib və bu, tarixdə ən aşağı göstəricidir. Bu dinamika həm
gözləntilərin sabit olduğunu, həm də manata inamın artdığını
göstərir.




Mərkəzi Bankın sədri əlavə edib ki, ilk dəfə olaraq banklararası
likvidlik göstəricisi indeksi faiz dərəcələri baxımından Mərkəzi
Bankın faiz dəhlizinə yaxınlaşmağa başlayıb. Avropa Yenidənqurma və
İnkişaf Bankının milli valyutada indeksinə bağlı istiqraz
buraxılışına başlaması və artıq 50 milyon manatlıq istiqrazın açıq
təklif yolu ilə yerləşdirilməsi bu indeksin etibarlı istinad
dərəcəsi olduğunu təsdiqləyir.

Taleh Kazımov bank sektorunun vəziyyətinə də toxunaraq bildirib
ki, sektor 2023–2025-ci illərdə sabit fəaliyyət göstərib. Cari ildə
bank kapitallarının adekvatlıq səviyyəsi 11,7 faiz, likvidlik isə
160 faiz olub. Kapital rentabelliyi 18,5 faiz təşkil edir. Bu
göstəricilər bank sektorunun risklərə davamlı olduğunu və real
sektora maliyyə dəstəyini gücləndirdiyini göstərir.

10 ayın nəticələrinə görə bank sektorunun kredit portfeli 4
milyard manata qədər artaraq 1,9 faiz genişlənib. Kredit
portfelində biznes kreditlərinin payı 50 faizdən çox olub. Bank
sektorunun kreditləşdirmə potensialı 20,8 milyard manat təşkil edir
ki, bu da real sektorun maliyyə resurslarına çıxış imkanlarının
geniş olduğunu təsdiqləyir.

Əhalinin əmanətlərində də müsbət dinamika müşahidə olunur.
Sektor üzrə depozitlər 6 faiz artaraq 49,2 milyard manata çatıb.
Depozitlərin 73,3 faizi əmanətlərdən ibarətdir ki, bunun da 15,5
milyard manatı əhalinin əmanətləridir. Əhalinin xarici valyutada
əmanətləri 8,7 faiz, müddətli əmanətləri isə 15,6 faiz artıb. Son 3
ildə müddətli əmanətlər orta hesabla 20 faiz artım nümayiş
etdirib.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir