
Bakı. Trend:
Azərbaycanın telekommunikasiya və poçt xidmətləri üzrə
tənzimləyici qurumu olan İnformasiya Kommunikasiya Texnologiyaları
Agentliyində (İKTA) ilin poçt xidmətlərinə yüksək tələb dövründə
qabaqlayıcı tədbir olaraq xidmət keyfiyyətini qorumaq və
təkmilləşdirmək istiqamətində poçt rabitəsi operatorları ilə görüş
keçirilib.
Trend xəbər verir ki, bu
barədə RİNN məlumat yayıb.
Tədbiri giriş sözü ilə açan İKTA-nın İstehlakçı hüquqları
şöbəsinin rəhbəri Sarvan Cəbrayılzadə bildirib ki, görüşün əsas
məqsədi xidmət keyfiyyətinin və istehlakçı məmnuniyyətinin
artırılması istiqamətində atılan və atılacaq addımların müzakirə
edilməsidir.
Qeyd edilib ki, sifarişlərin gecikdirilməsi, itirilməsi və ya
səhv ünvana çatdırılması, həmçinin çəki və qiymət fərqinin
yaranması, eyni zamanda müştəri xidmətləri mərkəzlərinin
fəaliyyətinin zəif olması ilə bağlı vətəndaşlar tərəfindən
tənzimləyici quruma şikayətlər daxil olur.
Eyni zamanda nəzərə çatdırılıb ki, intensiv alış-veriş
dövrlərində sifarişlərin sürətli və vaxtında çatdırılması üçün poçt
rabitəsi operatorları mövcud resurslarına diqqət yetirməli və baş
verə biləcək gecikmə hallarının qarşısını almaq üçün səfərbər
olunmalıdır.
Həmçinin qarşıya çıxan çətinliklərin birgə aradan qaldırılması
və istehlakçı məmnuniyyətinin artırılması üçün maarifləndirici
addımların genişləndirilməsinin və qabaqlayıcı tədbirlərin
görülməsinin vacibliyi vurğulanıb.
Qeyd edilib ki, İKTA istehlakçı məlumatlandırması prosesini
davam etdirəcək və poçt rabitəsi operatorlarına ən çox şikayət
edilən mövzularda audiovizual materialların hazırlanması üçün
metodiki dəstək verəcək.
Poçt rabitəsi operatorlarının nümayəndələri gecikmələrin əsasən
bəzi vaxtlarda bağlama sayının çox olması, təyyarə reyslərinin
gecikməsi və bu kimi başqa məsələlərlə bağlı olduğunu
bildiriblər.
Qeyd edilib ki, elektron izləmə xidmətinin olmasına baxmayaraq
bəzən müştərilərin eyni məsələ ilə bağlı çağrı mərkəzlərinə
dəfələrlə müraciət etməsi halları yaşanır, bu isə növbələrin
yaranmasına və xidmət keyfiyyətinin aşağı düşməsinə səbəb olur.
Ümumilikdə şifahi müraciətlərin 24 saat, yazılı müraciətlərin isə
xüsusi araşdırma tələb edilərsə, 2 həftə ərzində cavablandırıldığı
qeyd edilib.

