
Bakı. Trend:
Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrin Qızıl Aypara
və Qırmızı Xaç cəmiyyətləri arasında humanitar sahədə əməkdaşlıq
iri miqyaslı fövqəladə hallar zamanı zərərçəkənlərə, eləcə də
əhalinin yardıma ehtiyacı olan təbəqələrinə yardımın göstərilməsi
üçün zəruridir.
Trend xəbər verir
ki, bunu bu gün Qazaxıstanın Qızıl Aypara cəmiyyətinin prezidenti
Yerkebek Arqımbayev Bakıda TDT üzv dövlətlərinin Qızıl Aypara
Şəbəkəsinin rəhbərlərinin iclasında çıxışında deyib.
O vurğulayıb ki, türk şəbəkəsinin yaradılmasının əsas məqsədi
cəmiyyətlərin səylərini birləşdirərək iqlim dəyişiklikləri, təbii
və texnogen fəlakətlər, eləcə də silahlı münaqişələr kimi
genişmiqyaslı böhranlar zamanı qarşılıqlı yardım göstərməkdir.
“Bu missiyanı yerinə yetirmək üçün potensialımızı
gücləndirməliyik ki, daha güclü olaq və vətəndaşlarımıza, ehtiyac
duyan ölkələrə daha fəal şəkildə kömək edə bilək”, – o
bildirib.
Qazaxıstan Qızıl Aypara Cəmiyyətinin prezidentinin fikrincə,
tədbirdə TDT-nin Baş katibi Kurbanıçbek Ömuralıyevin iştirakı
xüsusi əhəmiyyət daşıyır. O qeyd edib ki, milli cəmiyyətlər
humanitar sahədə öz dövlətlərinə yardım göstərmək üçün Cenevrə
konvensiyalarına uyğun şəkildə yaradılır və dövlətlərin dəstəyi
olmadan potensialın gücləndirilməsi mümkün deyil.

