
Bakı. Trend:
İcbari Tibbi Sığorta ilə qarşılanmayan çox az sayda səhiyyə
proqramı qalır ki, onlardan biri onkologiyadır. Bu proqramların da
İcbari Tibbi Sığorta ilə qarşılanmasına ciddi ehtiyac duyulur.
Trend xəbər
verir ki, bunu Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman
Əmiraslanov parlamentin bugünkü plenar iclasında “Azərbaycan
Respublikasının 2026-cı il dövlət büdcəsi haqqında” qanun
layihəsinin müzakirəsi zamanı deyib.
Komitə sədri bildirib ki, ən mürəkkəb və yüksək maddiyyat tələb
edən müayinə və müalicə üsulları Tibbi Sığorta ilə qarşılanır:
“Son iki ildə 170 böyrək, 152 qaraciyər, 7 mindən çox oynaq,
200-dən çox koklear implantasiya, 23 sümük iliyinin, çoxsaylı
ilik-kök hüceyrə transplantasiyası və 25 mindən çox böyrək
əməliyyatları İcbari Tibbi Sığorta ilə icra olunub.
Qafqazda ilk dəfə olaraq Azərbaycanda uğurlu ürək
transplantasiyası həyata keçirilib. Belə əməliyyatların sayı
gələcəkdə artacaq. Bu qəbildən olan əməliyyatların da İcbari Tibbi
Sığorta ilə qarşılanmasına ehtiyac var.
İnanıram ki, İcbari Tibbi Sığorta yaxın gələcəkdə əhali arasında
rast gəlinən bütün xəstəliklərin müayinə və müalicəsini
qarşılayacaq”.
Ə.Əmiraslanov əlavə edib ki, vətəndaşların İcbari Tibbi
Sığortadan gözləntiləri var:
“Onlardan biri ambulator müalicə alan xəstələrin dərman
vasitələri ilə təminatının İcbari Tibbi Sığorta ilə
qarşılanmasıdır. Milli Məclis bu məsələ ilə bağlı “Tibbi Sığorta
haqqında” Qanuna müvafiq dəyişikliklər edib. İnanıram ki,
xəstələrin səbirsizliklə gözlədiyi bu problem növbəti illərdə
həllini tapacaq.
İnsanlarımızı narahat edən digər bir məsələ əhaliyə göstərilən
ilkin tibbi xidmət səviyyəsinin aşağı olmasıdır. Bu problem
xüsusilə bölgələrdə, kənd yerlərində özünü daha qabarıq göstərir.
Bölgələrdəki tibb məntəqələrinin böyük bir hissəsi istifadəyə
yararsız vəziyyətdədir. Bu sahədə görülən işlərin
sürətləndirilməsinə ciddi ehtiyac var”.

