“Ağıllı şəhər, yaşıl gələcək” forumu uğurla başa çatıb (FOTO)

Baş səhifə

Bakı.Trend:

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət
Dəstəyi Agentliyinin dəstəyi, “Qarabağın Tərəqqisi Naminə” İctimai
Birliyinin təşkilatçılığı və “Azərbaycan İnnovasiya Mərkəzi”nin
tərəfdaşlığı ilə “Ağıllı Şəhər, Yaşıl Gələcək – WUF2026-ya doğru”
layihəsi çərçivəsində “Ağıllı şəhər, yaşıl gələcək” forumu
keçirilib.

Forum “İnsan mərkəzli ağıllı şəhərlər”, “Ağıllı nəqliyyat və
dayanıqlı mobillik” və “Alternativ enerji – yaşıl gələcəyin
hərəkətverici qüvvəsi” mövzularını əhatə edən çoxşaxəli panellər
formatında təşkil olunub.

Tədbir çərçivəsində Azərbaycanın ağıllı şəhər həllərinə keçid
prosesi, yaşıl enerji və mobillik sistemlərinin modernləşdirilməsi,
startap ekosisteminin gücləndirilməsi, şəhərsalma planlaşdırılması,
rəqəmsal infrastrukturun effektiv idarə olunması və enerji
transformasiyasının strateji istiqamətləri üzrə geniş müzakirələr
aparılıb.

“Qarabağın Tərəqqisi Naminə” İB-nin sədri Şəbnəm Səfərovanın
moderatorluğu ilə keçirilən ilk paneldə “İnsan mərkəzli ağıllı
şəhərlər: Texnologiya insan üçün necə işləyir?” mövzusu müzakirə
edilib.

Paneldə Türkiyənin “Smart City and Partners” şirkətinin
təsisçisi Anıl Sevinç peyk datalarının fövqəladə halların
proqnozlaşdırılması, şəhərsalma və resurs idarəetməsində tətbiqi
barədə məlumat verib. O, həmçinin Azərbaycanın su hövzələri və kənd
təsərrüfatına dair apardığı analitik araşdırmaları təqdim edib.

AR Şəhərsalma və Arxitektura Komitəsinin nümayəndəsi Şahnaz
Bədəlova şəhərlərin baş planlarının hazırlanması prosesləri, mövcud
çətinliklər və onların həlli istiqamətində atılan addımlar haqqında
dəyərli fikirlərini bölüşüb.

İRİA-nın Startap ekosisteminə dəstək şöbəsinin rəhbəri Camal
Ağayev isə startapların hazırki statusu, bu sahədə olan əngəllər və
ekosistemin inkişafı üçün nəzərdə tutulmuş instutsional
dəyişikliklər və proqramlar barədə məlumat verib.

Forumun növbəti, “Ağıllı nəqliyyat və dayanıqlı mobillik:
Hərəkətdə olan şəhərlər” mövzusunda olan paneli AzTU-nun Nəqliyyat
texnikası və idarəetmə texnologiyaları kafedrasının müəllimi
İltifat Məmmədlinin moderatorluğu ilə davam edib.

Paneldə Türkiyənin “Büyütech” şirkətinin system mühəndisliyi
üzrə rəhbəri Emir Mehdi Sade böyük verilənlərin nəqliyyat
idarəetməsində və mobillikdə tətbiqi, dataya əsaslanan qərarvermə
modelləri barədə iştirakçıları məlumatlaşdırıb.




ETSN-in Rəqəmsal Ekologiya İnformasiya Sistemi İdarəetmə
qrupunun rəhbəri Hüseyn Həsənov isə nəqliyyatın ekoloji təsirləri,
ekoloji monitorinq və şəhər mobilliyinin ekosistemlə əlaqəsi barədə
geniş təqdimatla çıxış edib.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA)
Nəqliyyat şöbəsinin rəhbəri Mürşüd Mehdiyev yol infrastrukturu,
ağıllı yol idarəetmə mexanizmləri, təhlükəsizlik və nəqliyyat
axınının optimallaşdırılması istiqamətində görülən işlərdən
danışıb.

“Ağıllı Şəhər və Yaşıl Gələcək – WUF2026-ya doğru” layihəsinin
rəhbəri Günel Qurbanovanın moderatorluğu ilə baş tutan “Alternativ
enerji: Yaşıl gələcəyin hərəkətverici qüvvəsi” mövzulu sonuncu
paneldə Bakı Dövlət Universiteti rektorunun Keyfiyyət təminatı üzrə
müşaviri Asiman İlyasov, alternativ enerji təminatı üzrə ölkənin
aparıcı şirkətlərindən biri olan “Helind Enerji” MMC-nin təsisçisi
Tamerlan Quliyev, ADNSU rektorunun müşaviri və ADA universitetinin
elektrik və elektronika üzrə baş müəllimi Orxan Kərimzadə çıxış
ediblər.

Asiman İlyasov Davamlı İnkişaf Məqsədlərinə xidmət edən
sahələrin ali təhsil proqramlarına inteqrasiyası, ölkələrin yaşıl
transformasiyası üzrə beynəlxalq reytinq və keyfiyyət monitorinqi
mexanizmlərindən danışıb.

Tamerlan Quliyev iştirakçıları hazırda ölkədə alternativ enerji
sahəsində tətbiq edilən yanaşmalar, mövcud layihələr və yerli
həllər barədə məlumatlandırıb.

Orxan Kərimzadə alternativ enerji texnologiyalarının elmi
əsasları, mikroenerji sistemləri və Azərbaycanın alternativ enerji
potensialı barədə geniş məruzə ilə çıxış edib.

Beləliklə, dövlət qurumlarının nümayəndələri, texnologiya
mütəxəssisləri, startap ekosisteminin liderləri, şəhərsalma
ekspertləri, özəl sektor təmsilçiləri, tələbələr və akademik sahə
nümayəndələrinin iştirakı ilə keçirilən tədbirin sonunda
iştirakçılar ağıllı şəhər və yaşıl enerji sahəsində
dövlət–özəl–ictimai tərəfdaşlığın gücləndirilməsinin vacibliyini,
innovasiya və texnologiya əsaslı yanaşmaların genişləndirilməsinin
isə Azərbaycanın 2030 və 2040 hədəfləri üçün xüsusi əhəmiyyət
daşıdığını vurğulayıblar.

“Ağıllı Şəhər, Yaşıl Gələcək – WUF2026-ya doğru” layihəsi
çərçivəsində əldə edilən tövsiyələr və nəticələr yaxın günlərdə
yekun sənəd şəklində ictimaiyyətə təqdim olunacaq.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir