
Bakı.Trend:
Siyəzən rayonunun Orta Həmyə kəndi fasiləsiz içməli su ilə təmin
olunub.
Trend xəbər
verir ki, bu barədə ADSEA məlumat yayıb.
Bildirilib ki, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin
(ADSEA) sədri cənab Zaur Mikayılovun tapşırığına əsasən, bölgələrdə
içməli su infrastrukturunun yaxşılaşdırılması istiqamətində işlər
davam etdirilir. Bu işlərin davamı olaraq Siyəzən rayonu, Orta
Həmyə kəndində içməli su layihəsinin açılış mərasimi keçirilib.
Kəndin girişində şəhidlərin əziz xatirəsinə inşa edilən bulaq
kompleksinin qarşısında təşkil olunan tədbirdə Azərbaycan Dövlət Su
Ehtiyatları Agentliyinin sədrinin müavini İlham Bayramov, Siyəzən
Rayon İcra Hakimiyyətinin başçısı Novruz Novruzov, Agentliyin
tabeliyində olan Regional Su Meliorasiya Xidmətinin İdarə Heyətinin
sədri Zakir Quliyev, Agentliyin nümayəndələri, şəhid ailələri,
qazilər və kənd sakinləri iştirak ediblər.
Çıxışlar zamanı bildirilib ki, belə təşəbbüslər ölkəmizin
regionlarında dayanıqlı inkişafın əsasını təşkil edir. Qeyd edilib
ki, hazırda bir çox bölgələrdə əhalinin içməli və suvarma suyu ilə
təminatı istiqamətində böyük layihələr icra olunur. Bu layihələr
növbəti illərdə də davam etdiriləcək. Əsas məqsəd kəndlərdə yaşayan
əhalinin dayanıqlı və keyfiyyətli içməli, eləcə də suvarma suyu ilə
təmin edilməsidir.
Məlumat verilib ki, Siyəzən rayonunun Orta Həmyə kəndində
mərkəzləşdirilmiş su təchizatı sisteminin yaradılması məqsədilə
şəhərin mövcud su təchizatı sisteminin imkanlarından istifadə
olunaraq kənddaxili şəbəkə qurulub. Bu çərçivədə uzunluğu 3 km olan
su xətti çəkilib və 76 abonentə ev birləşməsi verilib. Əhaliyə
verilən suyun dəqiq uçotu və sudan qənaətlə istifadə məqsədilə
bütün abonentlər su sayğacları ilə təmin edilib. Ümumilikdə Orta
Həmyə kəndinin 261 nəfərlik əhalisinin günlük 60 m³ su tələbatı
yeni yaradılan şəbəkə vasitəsilə tam qarşılanır.
Hazırda rayon üzrə 14 yaşayış məntəqəsinə su təchizatı xidməti
göstərilir. 2025–2026-cı illərdə Siyəzən rayonunun Tuğay və Zarat
kəndlərində də mərkəzləşdirilmiş su təchizatı sisteminin qurulması
planlaşdırılır. Bununla yanaşı, tullantı su təmizləyici
qurğularında təmir-bərpa işlərinin aparılması və suyun
zərərsizləşdirilməsi üçün elektroliz qurğusunun tətbiqi nəzərdə
tutulur.

