
Bakı. Trend:
Baş nazirdən Gəncə şəhərində yeni iş yerlərinin açılması üçün
sahibkarlara əlavə imkanların yaradılmasının vacibliyini vurğulayır
və dəstək göstərməyini xahiş edirəm.
Trend xəbər
verir ki, bunu Milli Məclisin İnsan hüquqları komitəsinin üzvü
Naqif Həmzəyev parlamentin bugünkü plenar iclasında “Azərbaycan
Respublikasının 2026-cı il dövlət büdcəsi haqqında” qanun
layihəsinin müzakirəsi zamanı deyib.
Millət vəkili bildirib ki, eyni zamanda regionlarda yaşayan
gənclərin Bakı şəhərinə axınının qarşısının alınması üçün də xüsusi
tədbirlərin həyata keçirilməsi vacibdir:
“Bəlkə, kəndlərdən şəhərlərə köçü başa düşmək olar, amma
şəhərlərdən Bakıya köç bizi düşündürməlidir”.
Deputat vurğulayıb ki, həmçinin dəmir yollarının inkişafı,
xüsusilə də regionlardan sərnişin daşımanın gücləndirilməsi
nəticəsində bu sahəyə tələbat artıb:
“Hər kəs rahat və təhlükəsiz nəqliyyat vasitəsilə səfər etmək
istəyir. Bu səbəbdən Bakı-Ağstafa-Bakı istiqamətində gün ərzində
həyata keçirilən reyslərin sayının yalnız bayram günlərində deyil,
mütəmadi olaraq artırılmasına dəstək verilməlidir”.
N.Həmzəyev əlavə edib ki, Gəncə şəhərində sərnişindaşımada ciddi
irəliləyiş əldə olunub.
“Lakin şəhərdə parklanma qaydalarına nəzarətin mümkün olmaması,
müasir həllərin tətbiq edilməməsi tıxac və digər problemləri ortaya
çıxarıb. Bakı şəhərində olduğu kimi Gəncə şəhərində də parklanma
sistemləri qurulmalıdır. Bu həm tıxac problemini həll edəcək,
həmçinin vəsaitlərin dövlət büdcəsinə daxil edilməsi reallaşacaq”,
– deyə o fikrini yekunalaşdırıb.

