Bakı. Trend:
Beş il əvvəl istismara verildiyi vaxtdan bəri Trans Adriatik
Boru Kəməri (TAP) Cənub Qaz Dəhlizinin mühüm hissəsi kimi,
Azərbaycanın “Şahdəniz” yatağından Avropaya qaz nəql edən
genişmiqyaslı enerji koridorunun strateji tərəfdaşı olduğunu sübut
edib. Bu, enerji təchizatı ilə bağlı son çağırışlar fonunda həyati
əhəmiyyət kəsb edən həm yeni mənbə, həm də yeni marşrutdur.
Bunu Trend-ə TAP
Direktorlar Şurasının sədri Murad Heydərov TAP-ın kommersiya
istismarının beşilliyi münasibətilə verdiyi özəl müsahibədə
bildirib.
“Marşrutun keçdiyi ölkələr regional enerji hablarına çevriliblər
və təkcə Cənub-Şərqi Avropa və Balkanlar üçün deyil, bütün qitə
üçün daha böyük rol oynamaq potensialına malikdirlər. TAP bu
prosesə, o cümlədən 2022-ci ildən fəaliyyət göstərən
Yunanıstan–Bolqarıstan interkonnektoru (IGB) kimi digər qaz nəqli
layihələri ilə inteqrasiya edərək töhfə verir. Təkcə 2024-cü ildə
TAP Yunanistanın ümumi qaz idxalının təxminən 18 faizini,
İtaliyanın isə 16 faizindən çoxunu təmin edib”,- deyə o
bildirib.
Murad Heydərov qeyd edib ki, 2022-ci ilin əvvəlindən TAP bazarın
artan tələbatına operativ reaksiya verərək nominal səviyyəni
üstələyən gücdə xidmət göstərib.
“Xəzər regionundan qaz tədarükünün etibarlılığı, infrastrukturun
fasiləsiz əlçatanlığı, TAP-ın operativ fəaliyyət səviyyəsi və geniş
kommersiya imkanları hesabına Avropaya əlavə həcmlər tədarük
olunur”, – deyə TAP Direktorlar Şurasının sədri bildirib.
Onun sözlərinə görə, 2025-ci ilin noyabrında 53 milyard kubmetr
həddinə çatdıqdan sonra TAP Avropaya etibarlı və şaxələnmiş qaz
tədarükündə əsas rol oynamaqda, eyni zamanda karbonsuzlaşdırma və
rəqabət proseslərini dəstəkləməkdə davam edir.
“TAP qazı əvvəllər bir tədarükçüdən yüksək asılı olan və kömür,
liqnit kimi yüksək emissiyalı yanacaqlardan istifadə edən regiona
nəql edir. Avropa Komissiyası TAP-ı Qərbi Balkanların
karbonsuzlaşdırılması üzrə flaqman layihəsi kimi qiymətləndirib.
Gələcəkdə, kifayət qədər bazar marağı olduğu halda, TAP öz gücünü
artıraraq Avropanın enerji təhlükəsizliyini möhkəmləndirə və enerji
keçidi hədəflərinə töhfə verə bilər”, – deyə o vurğulayıb.
Tədarük həcmlərinin ölkələr üzrə bölgüsü
“TAP 2020-ci ilin son günündən qaz nəqlinə başlayandan indiyədək
Avropaya təxminən 53 milyard kubmetr qaz çatdırıb – bunun 44,6
milyardı İtaliyaya, 5 milyard kubmetrə yaxını Yunanıstana və 3,4
milyard kubmetrdən çoxu Bolqarıstana nəql olunub”, – deyə Murad
Heydərov bildirib.
Son beş ildə TAP-ın müştəri portfelində
dəyişikliklər
Murad Heydərov qeyd edib ki, son beş ildə TAP vasitəsilə nəql
üçün qeydiyyatdan keçmiş şirkətlərin sayı üçdən qırx altıya
yüksəlib.
“Bu şirkətlər böyük Avropa və regional enerji şirkətləri,
ticarət qurumları və kommunal müəssisələrdən ibarət geniş bir
spektri əhatə edir. Yeni iştirakçıların çoxu Yunanıstan və
Bolqarıstanda – TAP-ın bir-biri ilə əlaqələndirdiyi bazarlarda –
aktiv fəaliyyət göstərir. Bu isə İtaliya və Qərbi Avropadan
Cənub-Şərqi Avropaya yeni qaz axınlarını dəstəkləyir. Müştərilərin
məmnunluq səviyyəsi yüksək olaraq qalmaqdadır: son sorğular həm
uzunmüddətli tərəfdaşlar, həm də yeni iştirakçılar arasında
rəylərin əhəmiyyətli dərəcədə yaxşılaşdığını göstərir”, – deyə o
əlavə edib.
Genişlənmənin birinci mərhələsi
Heydərov bildirib ki, illik 10 milyard kubmetr olan uzunmüddətli
ötürmə gücü mərhələli şəkildə 20 milyard kubmetrdəndən yüksək
səviyəyə çatdırıla bilər.
“Genişlənmə imkanları hər iki ildən bir keçirilən, tənzimlənən
bazar testləri çərçivəsində bazara təqdim olunur. 2021-ci il bazar
testi üzrə öhdəliklərə uyğun olaraq, TAP Yunanıstanın Kipoy
kompressor stansiyasında genişlənmənin birinci mərhələsinə aid
layihə işlərini başa çatdırıb. Bu, 2026-cı il yanvarın 1-dən
etibarən əlavə 1,2 milyard kubmetr uzunmüddətli gücün təqdim
edilməsinə imkan verəcək.
2024-cü ilin yanvarında başlanan genişlənmə işləri təhlükəsiz
şəkildə, vaxtından əvvəl və büdcə çərçivəsində başa çatdırılıb, qaz
nəqlində heç bir fasilə yaranmayıb. Bu, TAP-ın operativ
peşəkarlığının göstəricisidir. Genişlənmə çərçivəsində,
Türkiyə–Yunanıstan sərhədi yaxınlığındakı Kipoy stansiyasında gücü
15 MVt olan yeni kompressor qurğusu quraşdırılıb”, – deyə o izah
edib.
Əlavə həcmlər üçün əsas hədəf bazarlar
Onun sözlərinə görə, 2021-ci il bazar testinin nəticələrinə
əsasən, 2026-cı ildən başlayaraq TAP-ın uzunmüddətli ötürmə gücü
1,2 milyard kubmetr artırılacaq. Bu həcmin 1,04 milyard kubmetri
İtaliya, 0,16 milyard kubmetri isə Albaniyaya tədarük üçün bron
edilib.
Hidrogen nəqli üzrə tədqiqatlar
Heydərov bildirib ki, TAP gələcəkdə təbii qazla qarışıq formada
hidrogenin nəqlinə imkan yaratmaqla, Aİ-nin karbonsuzlaşdırma
hədəflərinə ciddi töhfə verə bilər.
“TAP qarşısına hidrogenin təbii qazla qarışıq şəkildə nəqlini
imkanını təmin etmək vəzifəsi qoyub və hazırda bunun texniki
mümkünlüyü qiymətləndirilir. Bu istiqamətdə orta və uzunmüddətli
hazırlığı müəyyən edən yol xəritəsi hazırlanıb. 2021-ci ildə boru
kəmərinin hidrogen nəqlinə hazırlığına dair ilkin araşdırma TAP-ın
bu sahədə potensialını təsdiqlədi. Hazırda beynəlxalq
laboratoriyada materialların sınaqları aparılır. İlk nəticələr
qiymətləndirilir, növbəti mərhələ üzrə testlər artıq başlayıb və
nəticələrin cari il ərzində hazır olacağı gözlənilir”, – deyə o
bildirib.
O əlavə edib ki, paralel olaraq hidrogen nəqli üçün yerüstü
obyektlərin yararlılığı xüsusi Gap-təhlili vasitəsilə
qiymətləndirilir: “Bu qiymətləndirmələr tamamlandıqdan sonra TAP
hidrogen nəqlinə hazır-olub olmaması, habelə qarışdırma ilə bağlı
öncədən müəyyən edilmiş hədfələrə uyğun olaraq yenidən təchizat
üzrə mümkün planlarla bağlı daha aydın təsəvvürə malik olacaq”.
Heydərov bildirib ki, TAP bu istiqamətdə bütün səhmdarlarla,
əsas təchizatçılarla və sektorun digər iştirakçıları ilə sıx
əməkdaşlıq edir.
“Olası investisiyalar və nəql ediləcək hidrogenin payı, yəqin
ki, mərhələli şəkildə və bazarın inkişafı, eləcə də normativ
tələblər çərçivəsində həyata keçiriləcək. Bu mərhələdə araşdırma
nəticələrinə əsaslanmayan proqnozlardan çəkinmək lazımdır. 2–3 il
əvvəl verilmiş həddindən artıq optimist proqnozlar indi bütün
faktorların hərtərəfli təhlilinə əsaslanan daha praqmatik yanaşma
ilə əvəz olunub”, – deyə o vurğulayıb.
Hidrogenin və ya hidrogen daşıyıcılarının nəqli üzrə
mümkün pilot layihələr
Heydərov qeyd edib ki, TAP bu istiqamətdə bütün səhmdarlarla,
əsas təchizatçılarla və ümumilikdə sənaye ilə sıx əməkdaşlıq
edir.
“İstənilən potensial investisiyaların obyektlərin
modernləşdirilməsinə yönəldilməsi və nəql olunan həcmdə hidrogenin
payının artırılması, yəqin ki, hidrogen bazarının inkişafı və
dəyişən normativ tələblərə uyğun şəkildə mərhələli olaraq həyata
keçiriləcək. Hazırkı mərhələdə, yəqin ki, tədqiqatların nəticələri
diqqətlə qiymətləndirilmədən verilən proqnozlardan çəkinməyə dəyər.
Sənaye institutları və mütəxəssislər tərəfindən 2-3 il əvvəl
səsləndirilmiş həddindən artıq nikbin nəticələr indi bu məsələyə
dair bütün amillərin hərtərəfli təhlilinə əsaslanan praqmatik
yanaşma ilə əvəz olunub”, – deyə o vurğulayıb.
Son beş ildə emissiyaların azalması
TAP Direktorlar Şurasının sədri bildirib ki, şirkət Avropa
tənzimləmə sistemi çərçivəsində fəaliyyət göstərir.
“Biz Aİ-nin aşağıkarbonlu enerji sisteminə keçidi
sürətləndirməyə yönəlmiş siyasətinə tam şəkildə riayət edirik. Bu
siyasətin əsasını karbon qiymətinin tədricən artmasına təkan verən
Aİ emissiyaların ticarəti sistemi təşkil edir. Karbonsuzlaşdırma
üzrə öhdəliklərinin bir hissəsi olaraq TAP 2050-ci ilə qədər öz
fəaliyyətində iqlim neytrallığına nail olmağı hədəfləyir. TAP qısa,
orta və uzunmüddətli perspektivdə istixana qazı emissiyalarının
azaldılmasına ən böyük təsir göstərən təşəbbüslərə diqqət
yetirməklə yanaşı, enerji səmərəliliyinin artırılması tədbirlərini
də daim təkmilləşdirir”, – deyə o bildirib.
Heydərov qeyd edib ki, TAP-ın 2022–2025-ci illər üçün Karbon
Emissiyalarının İdarə Edilməsi Planı bu məqsədlərə çatmaq üçün
25-dən çox təşəbbüsü ehtiva edir: “Bu təşəbbüslər enerji
səmərəliliyinin artırılması tədbirləri – məsələn, təzyiqin
birləşmələrdə optimallaşdırılması və enerji auditi hesabına birbaşa
karbon emissiyalarının azaldılmasına, həmçinin elektrikləşdirmə
üzrə tədqiqatlara, hidrogen və biometanın istifadəsinin təşviqinə,
eləcə də metan emissiyalarının azaldılması Planının icrasına, o
cümlədən sızmaların aşkarlanması və aradan qaldırılması
proqramlarına (LDAR – Leak Detection and Repair) və neft-qaz
sənayesində Metan üzrə Tərəfdaşlıq proqramı 2.0 (OGMP 2.0)
çərçivəsində “qızıl standart”a çatmağa yönəlmiş təmir proqramlarına
fokuslanır”.
Heydərovun sözlərinə görə, araşdırmalara əsasən, TAP-da karbon
emissiyalarının 90 faizdən çoxu qaz kompressorlarının payına düşür:
“Bu kontekstdə TAP genişləndirmənin gələcək ssenarilərinə dair
konseptual layihələr hazırlayır ki, burada yeni kompressor
qurğuları elektriklə işləyə bilər. Bu isə enerji keçidinin
uzunmüddətli yol xəritəsində mühüm addımdır. Şirkət yaxın
məqsədlərə doğru inamla irəliləyir. Təkcə 2024-cü ildə TAP istixana
qazı emissiyalarını illik proqnozla müqayisədə 21 faizdən çox,
metan emissiyalarını isə təxminən 55 faiz azaltmağa nail olub,
həmçinin 2021-ci ilin LDAR baza səviyyəsi ilə müqayisədə sızmaları
81 faiz azaldıb.”

Avropanın enerji keçidində TAP-ın rolu
O vurğulayıb ki, TAP Avropanın enerji keçidindəki rolunu həm
indiki, həm də gələcək tələbatın təminatçısı kimi görür — bu gün
aşağıkarbonlu qaz üçün dayaq nöqtəsi olmaqla, gələcəkdə isə
biometan da daxil olmaqla bərpaolunan qazlar üçün potensial bir
dəhliz rolunu oynaya bilər.
“Təbii qaz enerji keçidinin əsas elementlərindən biri olaraq
qalır. Bərpaolunan mənbələrin payı artsa da, tam
karbonsuzlaşdırılmış sistemə keçid anidən baş verə bilməz.
Avropanın iqtisadiyyatın fəaliyyəti və əhali üçün enerji tələbatını
qarşılamaq məqsədilə hələ də etibarlı, əlçatan və sabit enerjiyə
ehtiyacı var. Bu kontekstdə qaz mühüm rol oynayır. O, fasilələrlə
xarakterizə olunan bərpaolunan mənbələrdən asılılığın artdığı bir
şəraitdə enerji sisteminin çevikliyini və dayanıqlılığını təmin
edir və Cənub-Şərqi Avropanın və Qərbi Balkanların bəzi
hissələrində hələ də elektrik istehsalında üstünlük təşkil edən,
daha çox çirkləndirici yanacaq növlərindən — daş kömür və liqnitdən
— tədricən imtina etməyə imkan yaradır. Karbon tutma
texnologiyalarının inkişafı ilə qaz, həmçinin, Aİ-nin iqlim
məqsədlərinə uyğun şəkildə emissiyaların azaldılmasına əlavə töhfə
verə bilər.
Lakin Avropada dayanıqlı nəqliyyat xidmətlərinin göstərilməsinə
səmərəli şəkildə töhfə verməkdə bizim rolumuz yalnız hidrogen
qarışıqlarının tədarükü ilə məhdudlaşmır. Biz enerji balansında
biometanın artan rolunu qəbul edirik və bu sahədə etibarlı tərəfdaş
olmaq imkanlarını araşdırırıq. Paralel olaraq, həm gələcəkdə mümkün
genişləndirmələr, həm də hazırda istismarda olan avadanlıqların
əvəzlənməsi üçün kompressor stansiyalarımızın elektrikləşdirilməsi
istiqamətində ciddi addımlar atırıq. Bu strategiya birbaşa karbon
emissiyalarının əhəmiyyətli dərəcədə azaldılmasına imkan verəcək və
əgər kompressorların işləməsi üçün enerji bərpaolunan mənbələrdən
təmin olunarsa, bu, həm birbaşa (Scope 1), həm də dolayı (Scope 2)
emissiyaların azalmasına səbəb olacaq”, – deyə o izah edib.

