
Bakı. Trend:
AHİK‑in üzv təşkilatı Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı
(ETİHİ) Respublika Komitəsi üzv təşkilatlarla birbaşa dialoq və
əməkdaşlığı genişləndirmək məqsədilə növbəti regional görüşünü
Mərkəzi Aran bölgəsində təşkil edib. Mingəçevir şəhər Heydər Əliyev
Mərkəzində keçirilən tədbirdə Yevlax və Mingəçevir şəhərləri,
həmçinin Ağdaş, Göyçay, Kürdəmir, Ucar və Zərdab rayonlarının
təhsil müəssisələrində fəaliyyət göstərən 520 ilk həmkarlar
ittifaqı təşkilatının sədrləri iştirak ediblər.
Trend xəbər
verir ki, tədbirə ETİHİ Respublika Komitəsinin sədri Araz Paşayev,
sədr müavini Mirzə Cəfərzadə, sədrin müşaviri Vüsal Əliyev və
komitənin digər məsul əməkdaşları qatılıblar. Araz Paşayev
çıxışında AHİK‑in sosial tərəfdaşlıq xəttinə uyğun olaraq əmək
münasibətlərinin tənzimlənməsində həmkarlar ittifaqlarının rolunu
diqqətə çatdırıb və üzv təşkilatlar arasında həmrəylik prinsipinin
Komitənin fəaliyyətində əsas xətt olduğunu vurğulayıb. O, birbaşa
ünsiyyəti genişləndirməyin və ilk təşkilatlara sistemli dəstək
göstərməyin prioritet olduğunu qeyd edib.
Tədbir çərçivəsində sosial müdafiə, maarifləndirmə, əmək
münasibətləri və işçi hüquqlarının müdafiəsi üzrə həyata keçirilən
layihələr barədə təqdimatlar edilib. İlk təşkilat sədrləri ilə
sual-cavab formatında müzakirələr aparılıb və səslənən təkliflər
qeydiyyata alınıb. ETİHİ rəhbərliyi bu formatda regional görüşlərin
ölkənin digər bölgələrində də davam etdiriləcəyini və üzv
təşkilatlarla əməkdaşlığın gücləndirilməsinin əsas məqsəd olduğunu
bildirib.
Qeyd edək ki, Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı
Respublika Komitəsi ölkə üzrə 405 mindən çox ittifaq üzvünü, 6 minə
yaxın ilk təşkilatı və təxminən 147 üzv təşkilatı birləşdirir.

