
Bakı. Trend:
Noyabrın 19-da Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA
İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva, Bakı Media
Mərkəzinin rəhbəri Arzu Əliyeva və Alena Əliyeva Elm və Təhsil
Nazirliyinin dəstəyi və “STEAM Azərbaycan” layihəsinin
təşkilatçılığı ilə Bakı Ekspo Mərkəzində keçirilən Beynəlxalq STEAM
Azərbaycan Festivalını (SAF 2025) ziyarət ediblər.
Trend xəbər
verir ki, elm və təhsil naziri Emin Əmrullayev qonaqlara festivalın
məqsədləri, proqramı və müxtəlif istiqamətlər üzrə təqdim olunan
layihələr haqqında ətraflı məlumat verib.
Ziyarət zamanı onlar stendlərə baxış keçirib, festival
iştirakçıları ilə görüşərək gənc ixtiraçıların innovativ layihələri
ilə tanış olublar.
Bundan əlavə, Leyla Əliyeva, Arzu Əliyeva və Alena Əliyeva
iştirakçılarla səmimi söhbət edib və onlarla xatirə şəkilləri
çəkdiriblər.
Qeyd edək ki, noyabrın 17-19-u tarixlərini əhatə edən Beynəlxalq
STEAM Azərbaycan Festivalı robototexnika, süni intellekt,
bərpaolunan enerji, dron və peyk texnologiyaları, incəsənət,
innovativ layihələr və mühəndislik kimi sahələri əhatə edən
kateqoriyaları ilə seçilir. Final mərhələsinə 1400-dən çox
iştirakçı vəsiqə qazanıb, onların 202-si müxtəlif xarici ölkələri
təmsil edir. Festivalda ümumilikdə 22 ölkə iştirak edir.

