
Bakı. Trend:
Forumda müzakirə olunan nəqliyyat dəhlizləri regionda iqtisadi
fəallığı əhəmiyyətli dərəcədə artırmaq və Azərbaycanla ABŞ arasında
əməkdaşlığı genişləndirmək potensialına malikdir.
Bunu “New Lines” İnstitutunun analitik inkişaf və təlim üzrə baş
direktoru Yucin Çausovski Beynəlxalq Münasibətlərin Təhlili
Mərkəzinin təşkilatçılığı ilə keçirilən I Azərbaycan–Amerika
Analitik Forumu çərçivəsində Trend-ə açıqlamasında deyib.
“Azərbaycan üçün iqtisadi fayda aydındır. Ölkə nəqliyyat və ya
enerji təchizatı kimi müxtəlif sahələrdə öz iqtisadi potensialını
tam şəkildə açaraq diplomatik impulsdan istifadə etməklə real
iqtisadi nəticələr əldə edə bilər”, – Çausovski bildirib.
O əlavə edib ki, ABŞ də regional əlaqəliliyin güclənməsindən
faydalana bilər.
“ABŞ baxımından bu, ölkənin sülhməramlı imicini
möhkəmləndirməyə, regionun Avropa və ABŞ-la əlaqəsini artırmağa,
kritik minerallar və enerji mənbələri kimi resurslara daha geniş
çıxış əldə etməyə və təkcə razılaşmalar imzalamaq deyil, onları
bütün ölkələr üçün iqtisadi faydaya çevirə bilmək qabiliyyətini
göstərməyə kömək edir”, – deyə o vurğulayıb.
Azərbaycan iqtisadiyyatının ABŞ investisiyaları üçün ən böyük
potensiala malik sahələri ilə bağlı suala cavab verən Çausovski bir
neçə əsas istiqaməti qeyd edib.
“Mən enerji və minerallar sahəsini, həmçinin kənd təsərrüfatı və
texnologiyaları vurğulardım. Bu, yalnız regiona fayda verməyəcək,
həm də Çin kimi ölkələrlə rəqabət aparmağa kömək edəcək”, – deyə o
bildirib.
Çausovski qeyd edib ki, bütün bunlara daha geniş regional
mənzərə kontekstində baxılmalıdır – burada Mərkəzi Asiya da daxil
olmaqla iqtisadi mərkəzlər arasında qarşılıqlı əlaqə artır və ABŞ
bu prosesə böyük maraq göstərir.
“Bir çox layihələr mövcuddur və düşünürəm ki, ən vacibi onları
ideya və ya ilkin memorandum mərhələsindən real icraya
çatdırmaqdır. İmpuls yarananda istər Transxəzər marşrutu, istərsə
də Orta Dəhliz olsun, bütün bu layihələr qarşılıqlı fayda
gətirəcək”, – o yekunlaşdırıb.

