
Bakı. Trend:
Azərbaycanın iqtisadiyyatı diversifikasiya etməsi və yeni gəlir
mənbələri yaratması zərurəti ABŞ ilə əməkdaşlıq üçün geniş imkanlar
açır.
Bunu Trend-ə
Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin təşkil etdiyi I
Azərbaycan-Amerika Analitik Forumu çərçivəsində “Atlantic
Council”ın geosiyasi analitiki Riç Autzen deyib.
Onun sözlərinə görə, bu, neftə əsaslanmayan yeni gəlir mənbələri
ola bilər — istər qabaqcıl texnologiyalar, informasiya
texnologiyaları, süni intellekt, istərsə də yüksək texnologiyalı
istehsal sahələri.
“Bu yüksək əlavə dəyərli sahələr ABŞ-nin əhəmiyyətli yardım
göstərə biləcəyi sahələrdir. ABŞ mineral resurslara əsaslanan
iqtisadiyyatdan xidmət və bilik iqtisadiyyatına keçiddə dəstək
göstərə bilər”, — deyə o bildirib.
Autzen vurğulayıb ki, texnoloji dəyişikliklərin yüksək sürəti
əməkdaşlığı xüsusilə aktual edir. “Aditiv istehsal, 3D çap və süni
intellekt sahəsində vəziyyət o qədər sürətlə dəyişir ki, biz hətta
beş və ya on ildən sonra qabaqcıl istehsal səviyyəsində nələrin
olacağını belə bilmirik”, – deyə o əlavə edib.
Ölkələr arasında ikitərəfli əməkdaşlıq perspektivlərindən
danışarkən o, son razılaşmaları qeyd edib.
“8 avqustda imzalanan razılaşmalar ümumi baza rolunu oynayır.
Bu, TRIPP (The Trump Route for International Peace and Prosperity)
çərçivəsindəki razılaşmalarla yanaşı, Vaşinqtonla İrəvan, həmçinin
Vaşinqtonla Bakı arasında ikitərəfli memorandumlardan ibarətdir”, —
Autzen deyib.
O vurğulayıb ki, bu sənədlər çoxsaylı təşəbbüslər üçün yeni
başlanğıc deməkdir. Onların bəziləri Zəngəzur dəhlizi ilə bağlıdır,
digərləri isə birbaşa xarici investisiyaların təşviqi ilə bağlı
daha geniş konsepsiyaya həsr olunub ki, bu da həm Azərbaycana, həm
Ermənistana, həm də bütövlükdə regiona fayda verəcək.
“Atlantic Council” analitiki, həmçinin ABŞ hökumətində və özəl
sektorda aktiv müzakirə edilən ideyalara toxunub.
“Ticarətin genişləndirilməsi üzrə ehtimal ki, onlarla ideya
mövcuddur — onların bir hissəsi energetika, bir hissəsi
infrastruktur, digərləri isə texnologiyalar və “yaşıl enerji” ilə
bağlıdır. Orta Dəhliz yeni təşəbbüslər üçün bir platformadır. Bu,
onlarla və ya yüzlərlə yeni layihə üçün imkan deməkdir. Həmin
layihələr gəlir gətirəcək, regionda sabitlik və etimadı
möhkəmləndirəcək,ilk növbədə isə ABŞ və Azərbaycan üçün”, – deyə o
fikrini yekunlaşdırıb.

