
Bakı. Trend:
Antibiotiklərin düzgün istifadəsi üçün iki əsas məqsədə çatmaq
üçün bir sıra ciddi qaydalar və təlimatlar nəzərdə tutulur.
Antibiotiki təyin etmək qərarını verərkən, həkim xəstəni bakterial
infeksiyadan effektiv şəkildə müalicə məqsədini nəzərdə tutur.
Trend xəbər
verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti,
infeksionist Təyyar Eyvazov nazirliyin rəsmi “Instagram”
hesabındakı canlı yayım zamanı açıqlayıb.
Mütəxəssis-ekspert qeyd edib ki, antibiotiklər yalnız həqiqətən
bakterial infeksiyanın olub-olmadığını müəyyən edə bilən müvafiq
ixtisaslı həkim tərəfindən təyin edilməlidir:
“Antibiotiklər yalnız həkim tərəfindən xəstənin vəziyyəti,
simptomları və bəzən test nəticələri (məsələn, ümumi qan analizi və
ya bakterioloji kultura) qiymətləndirildikdən sonra təyin
olunmalıdır. Antibiotikləri xəstə heç vaxt özünün və ya digər
mütəxəssis olmayan insanların qərarı ilə qəbul etməyə
başlamamalıdır. Əgər xəstədə müəyyən simptomlar varsa,
antibiotiklərə ehtiyacın olub-olmadığını müəyyən etmək və dəqiq
diaqnoz üçün müvafiq ixtisaslı həkimə müraciət etmək tövsiyə
olunur”.
T.Eyvazov bildirib ki, antibiotiklər virus xəstəlikləri –
soyuqdəymə, KRVİ, qrip üçün istifadə edilməməlidir, çünki onlar
viruslara qarşı təsirsizdir və mikrofloraya zərər verir:
“Antibiotik təyini zamanı dərmanların qarşılıqlı təsirləri
nəzərə alınmalıdır. Digər qəbul olunan dərmanlarla hazırda təyin
olunan yeni dərmanın – antibiotikin arzuolunmaz qarşılıqlı
təsirlərindən yayınmaq üçün həkim pasiyentdən qəbul etdiyi digər
dərmanlar barədə soruşmalıdır. Antibiotik təyin olunmuş hər bir
pasiyent həmin dərmanın yan təsirlərindən xəbərdar edilməlidir. Bu
cür yan təsirlər meydana çıxdıqda, həkimə dərhal məlumat verilməsi
pasiyentə ciddi tapşırılmalıdır. Həkimin antibiotiklərin təyininə
göstəriş görmədiyi hallarda xəstə və ya onun yaxınları tərəfindən
antibiotiklərin təyininə israr etmək olmaz və bu səhv qərara səbəb
ola bilər. Bundan başqa, müalicə zamanı kursa ciddi riayət etmək,
yəni dərmanı təyin olunmuş dozada qəbul etmək və dozanı özbaşına
artırmaq və ya azaltmaq olmaz.
Həmçinin, antibiotikin qəbul tezliyinə və vaxtına əməl etmək,
tövsiyə olunan intervallara ciddi şəkildə riayət etmək lazımdır
(məsələn, hər 8 və ya 12 saatdan bir). Bu, qanda aktiv maddənin
tələb olunan konsentrasiyasını saxlayır ki, bu da bakteriyaların
öldürülməsi üçün çox vacibdir. Digər bir qayda isə müalicənin tam
kursunu tamamlamaqdır. Bu, ən vacib qaydadır. Xəstə özünüzü daha
yaxşı hiss etsə belə, dərman qəbulunu dayandırmamalıdır”.
İnfeksionist qeyd edib ki, antibiotikləri qızdırmanın yüksəldiyi
bütün hallarda təyin etmək olmaz:
“Bu, nəinki düzgün deyil, hətta təhlükəli yanaşmadır. Beləliklə,
antibiotiklər yalnız təsdiqlənmiş və ya yüksək dərəcədə şübhəli
bakterial infeksiyalar üçün istifadə edilməlidir. Onlar əksər
soyuqdəymə, qrip və digər xəstəliklərə səbəb olan viruslara qarşı
təsirli deyil. Antibiotiklər allergik reaksiyalara, mədə-bağırsaq
pozğunluqlarına və digər ağırlaşmalara səbəb ola bilər”.

