Güləşçilərimiz İslam Həmrəyliyi Oyunlarında 1 dəst medal qazanıblar (FOTO)

Baş səhifə

Bakı. Trend:

Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda keçirilən İslam
Həmrəyliyi Oyunlarında güləş yarışı davam edir.

Trend xəbər verir
ki, bu gün yunan-Roma güləşində 2, qadın güləşi üzrə isə 3 çəkidə
mübarizə baş tutub.

Yunan-Roma güləşi

Murad Əhmədiyev (97 kq) misirli Mohamed Qabraya tam üstünlüklə
(8:0), türkiyəli Beytullah Kayışdağa isə 5:1 hesabı ilə qalib
gələrək finala yüksəlib. Həmyerlimiz həlledici görüşdə iranlı
olimpiya və ikiqat dünya çempionu Mohammad Saraviyə 1:5 hesabıyla
məğlub olub və debüt etdiyi İslamiadanı gümüş medalla başa
vurub.

Beka Kandelaki (130 kq) A qrupunda misirli Abdellatif Mohamed
(3:4) və iranlı Fardin Hedayatiyə (0:8) uduzub.




Qadın güləşi

Jalə Əliyeva (57 kq) A qrupunda tunisli Çad Jeljeli və
banqladeşli Mimdən “tuş”la, türkiyəli Elvira Kamaloğludan isə 19:10
hesabıyla üstün olub. Qrupu maksimum nəticəylə lider başa vuran
millimizin lideri yarımfinalda qırğızıstanlı Sezim Jumanazarovanın
da kürəyini yerə sıxaraq, vaxtından əvvəl adını finala yazdırıb.
Əliyeva son görüşdə yenidən Elvirayla qarşılaşıb. Türkiyəli
güləşçiyə 6:2 hesabıyla qalib gələn Jalə titulunu qoruyub və ikinci
dəfə İslam Həmrəyliyi Oyunlarında qızıl medal qazanıb.

Elnurə Məmmədova (50 kq) B qrupunda türkiyəli Zehra Demirhanı
8:5 hesabıyla üstələsə də, nigeriyalı Mersi Geneisi ilə bacarmayıb
– 2:12. Qrup ikincisi kimi yarımfinala adlayan güləşçimiz
özbəkistanlı Aktenge Keunimjayevaya (0:10) müqavimət göstərə
bilməyib. Ancaq əlcəzairli Şebila Şeymadan (5:0) güclü olan Elnurə
bürünc medalı boynundan asıb.

Gültəkin Şirinova 1/4 finalda qırğızıstanlı Aruuke
Kadirbekqızıya 4:11 hesabıyla məğlub oldu.

Qeyd edək ki, sabah daha 5 güləşçimiz xalçaya çıxacaq.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir