Bu gün Ağdam Şəhəri Günüdür

Baş səhifə

Bakı. Trend:

Bu gün Ağdam Şəhəri Günüdür.

Trend-in
məlumatına görə, Ağdam Şəhəri Günü artıq ikinci dəfədir ki, qeyd
edilir. Belə ki, Prezident İlham Əliyevin 2023-cü il iyulun 31-də
imzaladığı sərəncama əsasən, noyabrın 20-si Ağdam Şəhəri Günü kimi
təsis edilib.

Bu əlamətdar günün təsis edilməsi Ağdamın Ermənistan silahlı
qüvvələrinin işğalından azad edilməsi tarixi ilə bağlıdır. Bu gün –
noyabrın 20-si şəhərin erməni işğalçılarından azad edilməsində beş
il ötür.

Qeyd edək ki, Azərbaycanın 44 günlük Vətən müharibəsində əldə
etdiyi tarixi Zəfər nəticəsində Azərbaycan Respublikasının
Prezidenti, Ermənistan Respublikasının baş naziri və Rusiya
Federasiyasının Prezidentinin imzaladığı 3 tərəfli Bəyanata əsasən
noyabrın 20-də Ağdam rayonu Azərbaycan tərəfinə təhvil verilib.

Beləliklə, noyabrın 20-də işğaldan azad olunan Ağdam rayonu
tamamilə Azərbaycan Ordusunun nəzarəti altına keçib. Ağdam
şəhərinin mərkəzində Azərbaycanın Dövlət Bayrağı ucaldılıb, Dövlət
himni səsləndirilib və Azərbaycan Respublikasının Prezidenti,
Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevə məruzə
olunub.

Xatırladaq ki, 1994-cü il may ayının 12-dək davam edən hərbi
təcavüz nəticəsində ermənilər Ağdam rayonu ərazisinin 846,7 kvadrat
kilometrini, yəni ümumi ərazisinin 77,4 faizini işğal etmişdi.
Ağdamın müdafiəsi uğrunda 5 ildən artıq gedən qanlı döyüşlərdə
rayon 5897 şəhid verib. Həmin döyüşlərdə 3531 nəfər əlil olub, 1871
nəfər uşaq valideynlərini itirib. 126 min nəfərdən artıq ağdamlı öz
doğma ev-eşiyindən didərgin düşmüşdü.

Ağdamda qədim tarixə malik çoxlu memarlıq və incəsənət abidələri
var. XIX əsrdə tikilmiş türbə, Xanoğlu türbəsi, Pənah xanın
türbəsi, Pənah xanın imarəti, iki sandığabənzər abidə, XV əsrə aid
Sərdabə və Hatəm Məlik qalası, Cümə məscidi və Şahbulaq məscidi
Ağdam rayonu ərazisində yerləşir.

Ağdam işğaldan azad olunduqdan sonra ermənilərin viran qoyduğu,
Qafqazın Xirosiması adlandırılan bu şəhərdə bərpa və quruculuq
işlərinə başlanılıb. İşğaldan azad olunduğu 4 il müddətində Ağdamda
müsbətə doğru çox dəyişiklik baş verib, bərpa və yenidənqurma
işləri sürətlə davam etdirilir. Azərbaycan Prezidentinin və
dövlətinin məqsədi Ağdamı regionun ən gözəl şəhərlərindən birinə
çevirməkdir. Artıq Ağdam şəhərinin Baş Planı hazırlanaraq təqdim
edilib və bu planın həyata keçirilməsi istiqamətində işlər davam
etməkdədir.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir