
Bakı. Trend:
Qahirədə inkişaf etməkdə olan İslam ölkələrinin daxil olduğu D8
qrupunun səhiyyə nazirlərinin birinci konfransı keçirilib. Tədbirdə
D8-ə üzv dövlətlərin nümayəndə heyəti iştirak edib. Ölkəmizi
tədbirdə səhiyyə nazirinin müavini Rasim İsmayılovun başçılıq
etdiyi nümayəndə heyəti təmsil edib.
Trend Misirin
Səhiyyə və Əhali Nazirliyinə istinadla xəbər verir ki, üç gün davam
edən konfransın sonunda “Səhiyyə üzrə Qahirə Birgə Nazirlər
Bəyannaməsi” qəbul edilib.
Sənəddə səhiyyənin fundamental insan hüququ və davamlı inkişafın
təməl daşı olduğu vurğulanır. Ümumi əhalisi 1,2 milyardı keçən üzv
dövlətlər arasında regional səhiyyə təhlükəsizliyinə və hərtərəfli
səhiyyə imkanlarına nail olmaq üçün əməkdaşlığın gücləndirilməsinin
vacibliyi qeyd olunub.
Bundan başqa, sənəddə layihələri əlaqələndirmək və həyata
keçirilməsini izləmək üçün “Daimi D-8 Səhiyyə İşçi Qrupu”nun
yaradılması, erkən xəbərdarlıq sistemləri və beynəlxalq səhiyyə
qaydalarının tətbiqi vasitəsilə pandemiyalara hazırlığın
gücləndirilməsi, dərmanların, peyvəndlərin və səhiyyə
texnologiyalarının yerli istehsalının dəstəklənməsi və regional
təchizat zəncirlərinin inkişaf etdirilməsi, eləcə də monitorinq və
rasional istifadə proqramları vasitəsilə antimikrob müqavimətinə
(AMR) qarşı mübarizə məsələləri qeyd olunur.
Eyni zamanda, iqlim dəyişikliyinin sağlamlığa təsirlərinin
aradan qaldırılması və dayanıqlı səhiyyə sistemlərinin qurulması,
inteqrasiya olunmuş proqramlar vasitəsilə ana, uşaq və yeniyetmə
sağlamlığının gücləndirilməsi, informasiyaları qorumaqla səhiyyənin
rəqəmsal transformasiyasının (elektron qeydlər, teletibb, süni
intellekt) sürətləndirilməsi məsələləri də “Qahirə Bəyannaməsi”ndə
öz əksini tapıb.
Bəyannamədə əks olunan fikirlərin 2026-cı ilə qədər konkret
fəaliyyət planlarına çevrilməsinə çağırış edilib.
Qeyd edək ki, D8 qrupu 1997-ci ildə üzv ölkələrin iqtisadi
əməkdaşlığına yardım məqsədi ilə yaradılıb. Hazırda qrupa üzv
dövlətlər Malayziya, İndoneziya, Pakistan, İran, Banqladeş, Misir,
Nigeriya və Türkiyə və Azərbaycandır. Misir ötən ildən D8-ə sədrlik
edir.
2024-cü il dekabrın 19-da Misirin paytaxtı Qahirə şəhərində
İnkişaf etməkdə olan səkkiz ölkənin İqtisadi Əməkdaşlıq
Təşkilatının (D-8) XI Sammiti zamanı Azərbaycan Respublikası
yekdilliklə D-8 təşkilatının üzvü seçilib.

