
ABŞ prezidenti Donald Tramp maliyyə naziri Skott Bessenti Federal Ehtiyat Sistemində (FED) əsas faiz dərəcəsinin azaldılmasına nail olmadığı təqdirdə işdən çıxarmaqla hədələyib.
Modern.az xəbər verir ki, Tramp bu barədə Vaşinqtonda keçirilən ABŞ–Səudiyyə Ərəbistanı biznes forumunda danışıb.
FED sədri Cerom Pauell haqqında danışan Tramp maliyyə nazirinə birbaşa tapşırıq verib: “Səmimi desəm, onu (Pauelli) məmnuniyyətlə işdən çıxarardım. O, tamamilə qeyri-peşəkardır. Üstəlik, FED-in qərargahının yenidən qurulmasına 4 milyard dollar xərclədiklərinə görə də məhkəməyə verilməlidir”.
Tramp bildirib ki, Bessent Pauellə təsir etməlidir və əks halda onun özü vəzifəsindən azad oluna bilər:
“Sən bu məsələni həll etməlisən, Skott. Sənin bacarmadığın yeganə şey FED-dir. Çünki faiz dərəcəsi hələ də yüksəkdir. Əgər bunu tezliklə yoluna qoymasan, səni işdən çıxaracağam”.
Tramp uzun müddətdir FED-i və Pauelli sərt tənqid edir. Onun sözlərinə görə, Mərkəzi Bank əsas faiz dərəcəsini kifayət qədər sürətlə azaltmır və bununla da ABŞ hökuməti üçün borclanma xərclərini yüksək səviyyədə saxlayır. Ağ Ev dəfələrlə bəyan edib ki, FED-in idarə heyətində Tramp əleyhinə olan şəxslər çoxdur və qurum siyasi maraqlarla hərəkət edir.

