
Bakı. Trend:
2020-ci il noyabr ayının 20-də işğaldan azad edilən
rayonlarımızın sırasına biri də əlavə olundu. Ərazisinə görə
olduqca strateji coğrafiyada yerləşən Ağdam rayonu həmin gün
ordumuzun nəzarətinə keçdi. Ağdamın işğaldan azad edilməsi Vətən
müharibəsinin başa çatmasından sonra Azərbaycanın növbəti
hərbi-siyasi qələbəsi oldu. 20 noyabr tarixi isə təqvimə Ağdam
şəhəri günü kimi həkk edildi.
Ağdamın 1993-cü ildə işğala məruz qalması AXC-Müsavat cütlüyünün
yarıtmaz iqtidarının fəaliyyətinin məntiqi nəticəsi idi. Ağdam
uğrunda gedən döyüşlər zamanı 6 mindən artıq vətəndaşımız şəhid
olmuş, minlərlə insan yaralanmış, 128 min nəfər rayon sakini
məcburi köçkün həyatını yaşamağa məcbur olmuşdu. BMT-nin
Təhlükəsizlik Şurası tərəfidən 1993-cü il 29 iyul tarixində qəbul
olunmuş 853 saylı qətnamədə Ağdamın işğalı pislənilmiş, işğalçı
qüvvələrin Ağdam rayonu və digər ərazilərindən dərhal, tam və
qeyd-şərtsiz çıxarılması tələb edilmişdi. Lakin bildiyimiz kimi,
Ermənistan digər qətnamələr kimi 853 saylı qətnamənin də
tələblərini yerinə yetirməkdən yayındı. ATƏT-in Minsk qrupu isə bu
tələbi yerinə yetirməsi üçün işğalçıya heç bir təzyiq göstərmədi.
Əksinə, öz fəaliyyəti ilə işğalın davamına və münaqişənin
dondurulmuş vəziyyətdə qalmasına çalışdı.
Azərbaycan ictimaiyyəti əmin idi ki, Prezident İlham Əliyevin
uğurla və qətiyyətlə həyata keçirdiyi siyasi kursun nəticəsi
olaraq, günlərin birində torpaqlarımız, o cümlədən bir vaxtlar
yalnız Qarabağ bölgəsinin deyil, bütün Azərbaycanın inkişaf etmiş
rayonlarından olan Ağdam işğaldan azad ediləcək. Xalqımızın bu
əminliyi 44 günlük Vətən müharibəsində qazanılan Zəfərlə həyata
vəsiqə aldı. Vətən müharibəsindəki qələbəmizin siyasi-hüquqi
təsdiqi olan 10 noyabr Üçtərəfli bəyanatının şərtlərinə əsasən,
2020-ci il noyabr ayının 20-də Azərbaycan Ordusu bir güllə belə
atmadan, itki vermədən, yalnız Ermənistanı kapitulyasiyaya məcbur
etməklə Ağdamı işğaldan azad etdi. 27 illik işğaldan sonra Ağdam öz
azadlığına və əzəli sahiblərinə qovuşdu.
Ağdamın azad edilməsindən sonra məlum oldu ki, işğal dövründə
ermənilər ən böyük vandallıqlarından birini məhz burada törədiblər.
Ağdam şəhərindən əsər-əlamət qalmamışdı. Şəhərdə qismən salamat
vəziyyətdə saxlanılan məsciddən isə düşmən hərbi məqsədlər üçün
istifadə etmişdi. Ermənilər burada xalqımızın tarixi və mədəni
irsinə də qənim kəsilmiş, Şahbulaq qalasını erməniləşdirməyə
çalışmış, amma nail ola bilməmişdilər.
İşğaldan sonra Ağdama ilk səfəri zamanı Prezident İlham Əliyev
demişdi:
«Dağılmış Ağdam şəhəri erməni vəhşiliyinin şahididir. Biz Ağdam
şəhərini bərpa edəcəyik, bütün kəndləri bərpa edəcəyik. Heç kimdə
bu haqda şübhə olmasın. Bu, böyük iş olacaqdır. Əlbəttə ki, böyük
zəhmət tələb edəcək. Amma necə ki, biz 44 gün ərzində birlik
göstərmişik, əminəm ki, azad edilmiş torpaqlarımızın bərpası işində
də birlik, əzmkarlıq göstərəcəyik. Bütün şəhərlərimizi bərpa
edəcəyik, daha da gözəl şəhərlər olacaqdır. Şəhərlərimizdə qalan
tarixi abidələri bərpa edəcəyik və bir daha gücümüzü
göstərəcəyik».
Ötən 5 ildə Ağdam şəhərində və bütövlükdə rayon ərazisində
həyata keçirilən bərpa və quruculuq işləri Prezident İlham Əliyevin
bu sözlərinin sürətlə həyata vəsiqə aldığını göstərir. Qeyd edək
ki, işğaldan azad edilmiş ərazilər üzrə ilk olaraq Ağdam şəhərinin
Baş planı təsdiq olunub. Prezident İlham Əliyev 2021-ci il may
ayının 28-də Ağdam şəhərinin bərpasının təməl daşını qoyub. O
cümlədən həmin gün Ağdam şəhərində inşa olunacaq ilk yaşayış
binasının, Ağdam şəhər 1 saylı məktəbin yeni binasının, Ağdam
Sənaye Parkının, Bərdə-Ağdam avtomobil yolunun təməlləri
qoyulub.
İlk təməllərinin atıldığı vaxtdan ötən dövrün reallıqları Ağdam
şəhərindəki bərpa və quruculuğun həm sürətli, həm də əzəmətli
olduğunu göstərir. İndiyə qədər Ağdam şəhər 1 nömrəli tam orta
məktəbin binasının, 1 nömrəli körpələr evi-uşaq bağçasının, Muğam
Mərkəzinin, Ağdam Dəmir Yolu və Avtovağzal Kompleksinin, “Aghdam
City Hotel”in inşası başa çatdırılıb. Ağdam Cümə məscidi isə Heydər
Əliyev Fondu tərəfindən bərpa olunub.
Ağdam şəhərində yaşayış komplekslərinin, rayon mərkəzi
xəstəxanasının, “Park Forest Hotel Ağdam” mehmanxanasının, “İmarət”
stadionunun, Atçılıq Nəsilartırma Mərkəzinin inşası və digər
quruculuq layihələrinin icrası davam etdirilir. Bərpa və quruculuq
işləri nəticəsində Ağdam şəhəri azad edilmiş ərazilərin ən böyük,
Azərbaycanın isə dördüncü böyük şəhərinə çevriləcək. Burada 100 min
nəfər əhalinin yaşayacağı planlaşdırılır.
Qeyd olunanlarla yanaşı rayonda Bərdə-Ağdam yolunun tikintisi,
İmarət Kompleksinin bərpası başa çatdırılıb, Ağdam-1” və “Ağdam-2”
yarımstansiyaları, “Qarabağ” Regional Elektrik Şəbəkəsinin Rəqəmsal
İdarəetmə Mərkəzi, “Ağdam” qovşaq yarımstansiyası Xaçınçay su
anbarı istifadəyə verilib. Habelə rayonun yenidən qurulan Sarıcalı,
Kəngərli və Xıdırlı kəndlərinin birinci mərhələsinin açılışı olub,
kənd sakinləri öz doğma yurdlarına qayıtmağa başlayıblar. 2025-ci
ilin oktyabr ayına qədər Ağdamın yenidən məskunlaşdırılması
proqramı çərçivəsində 825 ailə və ya 3300 nəfərdən çox sakin öz
doğma yurduna qayıdıb. Rayonun Qiyaslı, Salahlı Kəngərli, Baş
Qərvənd, Tağıbəyli, Güllücə, Nəmirli, Şotlanlı, Eyvazxanbəyli
kəndlərinin bərpası istiqamətində isə hazırda layihələndirmə işləri
aparılır.
Ağdamın bərpası prosesində rayonun iqtisadi potensialından
səmərəli istifadə və əhalinin məşğulluğunun təmin edilməsi də
nəzərə alınır. Bu baxımdan rayonda həyata keçirilən ən böyük
iqtisadi layihə Ağdam Sənaye Parkının yaradılmasıdır. Prezident
İlham Əliyevin 2021-ci il 28 may tarixli fərmanına əsasən yaradılan
Ağdam Sənaye Parkı rezident sayına görə Sumqayıt Sənaye Parkından
sonra ölkədə ikinci ən böyük belə iqtisadi fəaliyyət sahəsidir.
İndiyədək burada ümumi investisiyalarının həcmi 260 milyon manatdan
çox olan 28 sahibkarlıq subyektinə rezidentlik, 4 sahibkara isə
qeyri-rezidentlik statusu verilib. Hazırda Sənaye Parkında 9
müəssisə fəaliyyət göstərir, 5-dən çox müəssisənin tikintisi isə
davam etdirilir. Sahibkarlar tərəfindən görülən işlərə 115 milyon
manatdan çox investisiya yatırılıb, 938 nəfər daimi işlə təmin
edilib. Ağdam Sənaye Parkındakı sənaye müəssisələri yalnız bu
rayonun deyil, bütün Qarabağın iqtisadi inkişafına və əhalinin
məşğulluğunun təmin edilməsinə böyük töhfə verəcək.
Sovet dövründə Ağdam yalnız Azərbaycanda deyil, keçmiş ittafaqın
hər yerində tanınırdı. Bu gün rayonda aparılan bərpa və quruculuq
işləri göstərir ki, Ağdam tezliklə yalnız Azərbaycanın deyil, bütün
regionun ən füsunkar rayonlarından birinə çevriləcək, Ağdam şəhəri
isə gözəlliyi ilə fərqlənəcək. Çünki həm şəhərin, həm də bütövlükdə
rayonun bərpası əzəmətlidir. Prezident, Müzəffər Ali Baş Komandan
İlham Əliyevin quruculuq əzminin nəticəsi olaraq, yeni və müasir
Ağdam yaranır.
Xanlar Fətiyev,
Milli Məclisin deputatı

